Fransada sosial partlayış gözlənir

Fransada sosial partlayış gözlənir

Fransada hökumətə etimad azalır, ölkə sosial partlayışa doğru gedir

Fransada sosial partlayışın baş verməsi ilə bağlı ehtimallar yüksəlir.

Fransızların 85 faizi düşünür ki, yaxın aylarda ölkədə sosial partlayış baş verəcək. Hər 10 fransızdan 9-u isə sanitar böhranın iqtisadi və sosial nəticələrindən çox narahat olduğunu deyib.

Bu barədə Fransanın İctimai Rəy və Marketinq Tədqiqatları İnstitutunun (İFOP) "Cnews" televiziya kanalı və "Sud Radio" radiosunun sifarişi ilə apardığı sosial sorğunun nəticələrinə dair məlumatda bildirilib.

Qeyd edilib ki, respondentlərin 85 faizi yaxın aylarda ölkədə sosial partlayış olacağını gözləyir. Rəyi soruşulanların əksəriyyəti, o cümlədən "Milli Birlik", "Yenilməz Fransa", Sosialistlər və Respublikaçılar partiyalarının tərəfdarları sosial partlayışı real təhlükə hesab ediblər.

Sorğunun nəticələrinə görə, hakim "İrəli Respublika" partiyasına rəğbət bəsləyənlər sosial partlayışdan ən az narahat olanlardır.

Sorğuda iştirak edənlərin 90 faizi böhranın iqtisadi və sosial nəticələrindən çox narahat olduqlarını, 69 faizi isə özləri və ya ailə üzvləri artıq böhran yaşadıqlarını diqqətə çatdırıblar.

Sorğunun nəticələri xalqın hökumətə etimadının azaldığını göstərib. Respondentlərin 55 faizi hökumətə etimad etmədiyini, 61 faizi hökumətin virusa qarşı səmərəli mübarizə aparmadığını deyib.

İFOP-un sorğusunda 1007 respondent iştirak edib.(azertac)