Hökumət 4100 avro cərimələndi

Hökumət 4100 avro cərimələndi

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) iyunun 11-də Azərbaycanla bağlı növbəti qərarını elan edib. Məhkəmə iddia olunan pozuntuları tanıyıb.

Söhbət "küçədə polis əməkdaşlarını söyməyə görə" saxlanılan, sonra inzibati qaydada həbs edilən Nurlan Əliyevin (Nurlan Nazim oğlu Əliyev) işindən gedir. Bu məhkəmə işi 1987-ci il təvəllüdlü, hazırda Almaniyanın Munster şəhərində yaşayan N.Əliyevin 2011-ci ildə başına gəlmiş olaylarla bağlıdır. Ərizənin məzmununa görə, N.Əliyev Sumqayıt şəhərində keşik çəkən polis əməkdaşlarını heç bir motiv olmadan, ağır söyüşlərlə təhqir edib.

Saxlanılan ərizəçi məhkəmə qarşısına çıxarılıb. Polis əməkdaşlarının ifadələrinə söykənən Sumqayıt Məhkəməsi onun barəsində 7 sutka inzibati həbs cəzası seçib. Yuxarı məhkəmələr həmin qərarı dəyişməyib.

Ərizəçi AİHM-ə şikayətində onun Avropa Konvensiyasının 6-cı maddəsi ilə təminat altına alınan ədalətli məhkəmə araşdırması hüququna müdaxilə olunduğunu iddia edirdi. İddiasına görə, məhkəmə prosesi ədalətli olmamışdı (maddə 6.1), həm də istədiyi vəkillə təmsil olunmasına imkan verilməmişdi (maddə 6.3).

AİHM hesab etdi ki, bu işdə Konvensiyanın 6.1-ci maddəsinin pozuntusuna yol verilib. Qərara görə, hökumət ərizəçiyə 4100 (mənəvi ziyana görə 3600, xərc və məsrəflərə görə 500 avro) avro təzminat ödəməlidir. Ərizəçi AİHM qarşısında vəkil A.Qasımlı tərəfindən təmsil olunub. (ahimaz.org)