"Hüquq mühafizə orqanlarında həbslər gözlənilir"

"Hüquq mühafizə orqanlarında həbslər gözlənilir"

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, ADR Hərəkatının lideri Qubad İbadoğlu Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənovun saxlanması haqqında yazdığı statusunda qeyd edib. Statusu olduğu kimi təqdim edirik: 

"Səfir Eldar Həsənovun ardınca yeni həbslər istisna olunmur, özünə gəlincə, varidatına və biznesinə əl qoyub buraxıla da bilər.

Mətbuat yazır ki, maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində tutulub. Bu Azərbaycanın müstəqillik tarixində ilk olsa da, ittiham inandırıcı görsənmir, çünki Eldar Həsənovun şəxsi kapitalı ona ayrılan büdcə vəsaitindən dəfələrlə çoxdur.

Eldar Həsənov uzun illərdir ki, Cənubi Avropa və Balkanlarda bizneslə məşğul idi. Eldar Həsənov Serbiyanın rəsmi nümayəndə heyəti ilə bərabər Azərbaycanda səfər də olmalı idi. O şəxsi nüfuzuna, maddi imkanına, əhatə və təsir dairəsinə görə fərqlənən səfirlərdən idi. Odur ki, həbsin siyasi motuvli olması şübhəsizdir, onun həbsi çox güman ki, daxildə qruplar arasında savaşın nəticəsidir.

Böyük ehtimalla Eldar Həsənov həbs olunan birinci və sonuncu səfir olmayacaq, ondan sonra səfirliklərdən tutulanlar, işdən çıxarılanlar, eləcə də olduqları ölkədən siyasi sığınacaq istəyənlər yanaşı, mərkəzi icra hakimiyyətindən, hüquq mühafizə orqanlarından və iri dövlət şirkətlərindən də yeni həbslər gözlənilir.

Bütün bunlar isə həm hakimiyyətdaxili mübarizənin, həm də mərkəzi hakimiyyətə etimadsızlığın güclənməsinə gətirib çıxaracaq. Eldar Həsənova gəlincə, onun biznesinə əl qoyub, yığdıqlarını alıb, müəyyən müddətdən sonra ev dustaqlığı adı ilə azad ediləcəyi də istisna olunmur".

Qeyd eədək ki, Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri 64 yaşlı Eldar Həsənov şübhəli şəxs qismində tutulub. Məlumatı Dövlət Təhlükəsizlik Xidməti (DTX) yayıb.

DTX-nın məlumatında deyilir ki, Xarici İşlər Nazirliyində maliyyə yoxlamaları ilə bağlı istintaq gedir və Eldar Həsənovun xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Eldar Həsənovun bu ittihama münasibəti hələ bəlli deyil

Eldar Həsənov bir neçə gün idi ki, Azərbaycandadır. O, Azərbaycana rəsmi səfərə gəlmiş Serbiyanın Baş Nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Neboyşa Stepanoviç-i müşayiət edirdi.

DTX bundan əvvəl Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərini həbs edib. Onların arasında Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, Konsulluq idarəsinin rəisi Faiq Bağırov var.

Barələrində həbs qətimkan tədbiri seçilmiş şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət almada ittiham olunurlar.

Siyasi şərhçinin fikrincə, bu həbslərin arxası gələ və iqtidarla müxalifətə doğru uzana bilər.

Oxford Universitetinin təhlilçisi Leyla Əliyeva BBC News Azərbaycancaya şərhində deyir ki, bu hadisəni hakimiyyətdə təmərküzləşmə kontekstindən qiymətləndirir:

"Prezident hakimiyyətdə təmərküzləşmə ilə məşğuldur. Əgər hansısa güc mərkəzi nəzarətdən çıxırsa, onda narahatlıq yaradırsa, onu neytrallaşdırır. Amma həbsin səbəbi müxtəlif ola bilər".

YADDAŞ

Eldar Həsənov 1955-ci ilin 10 oktyabrında Azərbaycanın ən füsunkar rayonlarından biri olan Kəlbəcərin Laçın kəndində müəllim ailəsində anadan olub. 1972-ci ildə kənd orta ümumtəhsil məktəbini bitirdikdən sonra Dövlət Politexnik İnstitutunun avtomatika və hesablama texnikası fakültəsinə daxil olub, 1977-ci ildə ali təhsilini fərqlənmə ilə başa vuraraq elektronika mühəndisi ixtisası alıb.

1983-cü ildə SSRİ DİN Akademiyasını hüquqşünas ixtisası üzrə bitirib. Uzun müddət Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarında müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini və rəisi, Bakı şəhəri Nizami rayonunun və Gəncə şəhərinin daxili işlər şöbəsinin rəisi, daxili işlər nazirinin müavini, baş prokurorun müavini və baş prokuror vəzifələrində çalışıb.

Azərbaycanın 1995-2000-ci illərdə baş prokuroru olmuş Eldar Həsənov 2009-cu ildən Azərbaycan Respublikasının qərargahı Buxarest şəhərində olmaqla Serbiya Respublikasındakı, 2010-cu ildən Monteneqrodakı, 2011-ci ildən Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri olub. 

Professor, hüquq elmləri doktoru Eldar Həsənov eyni zamanda Rumıniyanın Ovidius, Babeş-Bolyay və Andrey Şaquna Universitetlərinin fəxri doktoru, Serbiya Kral Akademiyasının üzvüdür.