Əli Kərimli: "Ramiz Mehdiyev qurduğu sistemin güdazına gedir"

Əli Kərimli: "Ramiz Mehdiyev qurduğu sistemin güdazına gedir"

"Ölkədəki bəlanın kökü İlham Əliyevin özüdür"

Ölkədəki son hadisələrin doğurduğu suallara AXCP sədri Əli Kərimli cavab verib:

-Əli bəy, ölkədə son siyasi olayları necə qiymətləndirirsiniz? Mən hakim partiya daxilində baş verənləri, Ramiz Mehdiyevin nəvəsinin toy məclisindən sonra mətbuatdakı ittihamların yaratdığı mənzərəni nəzərdə tuturam?

-Son hadisələr, xüsusilə Ramiz Mehdiyevin nəvəsinin karantin rejimində toy mərasimi, ondan sonra həbslər, istefalar, başqa cəzalandırmalar qruplararası mübarizənin davamıdır. Əlbəttə, Mehdiyevin nəvəsinin toy mərasimi karantin qaydalarının pozulması şəraitində keçirilib, məclisi təşkil edənlər də, iştirkaçılar da cəzalandırılmalıdır.

Amma Azərbaycan hakimiyyəti istəyir ki, bütün bunların hamısı cəmiyyətdə qanunçuluğun, ədalətin təntənəsi kimi qəbul olunsun. Hansı ki sosial şəbəkələrdə başqa vəzifəli şəxslərin də övladlarının, yaxınlarının toy mərasimləri haqqında məlumatlar var və onlara həmin qayda şamil olunmur.

Ona görə də burda dəqiqləşdirmək lazımdır, Ramiz Mehdiyevin nəvəsinin toyunda baş verənlər qanunsuzdur və cəzasını almalıdır, amma bunu hökumət cəmiyyətə ədalətin və qanunçuluğun təntənəsi kimi qəbul etdirə bilməz.

Birincisi, hökumətin tərəfdarları və vəkilləri hüququn aliliyindən danışır, ancaq hüquq yalnız karantin qaydalarına aid deyil. Hüquq korrupsiyanı qadağa edir, hakim komanda korrupsiyadan imtina edibmi? Korrupsionerlər niyə cəzalandırılmır? Gerçək və nəhəng korrupsionerlər kimi vurmaq istəyirlər, o başqa söhbət.

Əgər 2005-ci ildən qəbul edilmiş "Vəzifəli şəxslərin gəlir bəyannaməsi haqqında” qanun, "Tender haqqında” qanun hələ də işləmirsə, vəzifəli şəxslərin şirkətlərini ictimaiyyətdən gizlədirlərsə, ölkənin mətbuatı, siyasi partiyalar məhv edilirsə, Konstitusiyanın verdiyi hüquq və azadlıqlar tapdalanırsa, necə hüququn aliliyindən danışmaq olar? Hüququn aliliyi İnzibati Məcəllənin 211-ci maddəsindən ibarətdir?

Ona görə də hökumət baş verənləri hüququn aliliyi kimi təqdim etməyə nail ola bilmir. İkincisi, baş verənləri ədalətin təntənəsi kimi təqdim edirlər, guya hamı qanun qarşısında bərabərdir, bu da alınmır. Əgər Azərbaycanda Tofiq Yaqublu, Asif Yusifli, Babək Həsənov və Qarabağ qaziləri ikinci dəfə şərlənərək sifarişlə həbs olunursa, hansı ədalətdən danışmaq olar?

Bu ölkədə Tofiq Yaqublunun məhkəməsi faktiki qapalı keçirilir, ancaq Ramiz Mehdiyevin kürəkəninin və digərlərinin məhkəməsinə dövlət televiziyalarına qədər gəlib canlı yayım aparırlarsa, necə hamıya eyni münasibətin olduğunu söyləmək olar? Əlbəttə, Ramiz Mehdiyev mövcud sistemin bir parçasıdır, xüsusilə də partiyamıza qarşı repressiyaların əsas təşəbbüskarlarından, planlaşdıranlardandır.

İcrasına nəzarət edən əsas şəxs o özü olub. Sistem korrupsioner sistemdir, Mehdiyev də onun içindədir. Sistem repressivdir, Mehdiyev də onun ideoloqlarından biri olub. İndi Mehdiyev vurulandan sonra İlham Əliyev tez-tez bizə "beşinci kolon" deyir. Amma biz unutmamışıq ki, o absurd "beşinci kolon" söhbətini elə özü uydurub, hazırda öz başında çatlayır.

Səhv etmirəmsə, ona deyiblər "beşinci kolon". Yəni ölkədə uzun müddət repressiyaların ideoloqu olan bir şəxs, bu anti-insani sistemin qurulmağında xidmətləri olan adam indi özünün qurduğu sistemin güdazına gedir. Artıq özü onun meyvələrini dərir. İndi özü hiss etsin ki, onun qurduğu bu sistemdən millət nələr çəkib. Əslində, onun gördükləri millətin gördüklərinin yanında heç bir şeydir. Amma qurulmasında müstəsna xidmətləri olan bu sistemdən yüz minlərlə azərbaycanlı əzab çəkib.

-Son bir neçə gündür sosial şəbəkədə suallar yaranır ki, Əli Kərimli Ramiz Mehdiyevlə bağlı niyə susur? Maraqlıdır, admin heyəti nə üçün yazmır? Mən də səslənən sualları qruplaşdırıb soruşuram, niyə susurdunuz?

-Hökumətin ictimai vəkilləri var, onlar şantaj siyasətilə hamını özlərinə şərik etmək istəyirlər. Ayrı-ayrı məmurların başına gələn hər xırda məsələlər mənim gündəmimin əsas mövzusu ola bilməz. Həmin adamlar niyə sual vermirlər ki, mən Ramiz Mehdiyevin yerinə təyin olunan Samir Nuriyev haqqında da danışmıram. Baxmayaraq ki, biz İlham Əliyevin təyin etdiyi yeni adamların repressiyasının qurbanıyıq.

Hesab edirəm ki, ölkədə bəlanın kökünü qazmaq lazımdır. Bəlanın kökü, Azərbaycandakı rejimin əsas qaynağı İlham Əliyevin özüdür. Əlbəttə ki, Ramiz Mehdiyev İlham Əliyevin sağ əli idi və bizə qarşı repressiyaların ideoloqu olub.

Ramiz Mehdiyevlə bizim arasımızda hansı ortaq maraqlar ola bilər? Dünyagörüşü yaxınlığı ola bilərmi? O, korrupsioner və irticaçı, repressiv rejimin ideoloqu, biz azadlıq uğrunda mücadilə aparan insanlar. O, seçki saxtakarlığının əsas ideoloqu, biz demokratik seçki uğrunda mübarizə aparan insanlar. O, Azərbaycanın hər zaman Rusiyanın himayəsində olmasını təbliğ edən, bundan ötrü yazılar yazıb mövqe qoyan adamdır, biz isə 30 ildir Azərbaycanın Avroatlantik məkanda gördüyümüzü bəyan edirik. Onunla bizim aramızda hansı ortaq nöqtə ola bilər? Bu cəfəngiyyatdır.

Sadəcə, mən dövlət məmurlarını hədəf seçmirəm, Baş nazir Əli Əsədov haqqında bir şey danışmıram. Parlamentə yeni spiker təyin olunub, onun barəsində də bir şey danışmıram. Yaxud Artur Rəsizadə barəsində nəsə danışdığıma rast gəlmisiniz?

-Nəzərə alırsınızmı ki, Ramiz Mehdiyev daha çəkili fiqurdur?

-Daha çəkili fiqurdur, yeri gəldi fikrimi ifadə etdim. Mehdiyevi güclü olan vaxtlarda Azərbaycan siyasi meydanında kimlər tənqid edib? Milli Şuranın sədri Cəmil Həsənli, Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli, AXCP sədrinin müavini Seymur Həzi. Mən əsas hədəf kimi İlham Əliyevi rejimin başçısı kimi görürəmsə, bir komandada olduğum dostlarım da onun odioz komanda üzvlərini cəmiyyətə təqdim edib ifşa edirsə, normaldır. Siz hökumətin ağzına baxıb İlham Əliyevdən islahatçı düzəltmək eşqinə düşmüş "ictimai xadimlər”in şantajını boş verin. Onlar istəyirlər ki, mən onların xoruna qoşulub "ədalət zəfər çaldı” deyə söyləyim. Yaxud onların xoruna qoşulub deyəm ki, qanunun aliliyi təmin olundu.

İlham Əliyev deyibsə ki, heç kim qanunu poza bilməz, çox gözəl, heç kim qanunu poza bilmir. Mən bunu necə deyim? Ölkədə dövriyyəsi onmilyonlarla ölçülən korrupsiya davam edir, seçkilər Ramiz Mehdiyev istefaya göndəriləndən sonra da saxtalaşıdırılır, mənim əqidədaşlarıma işgəncə verilib, qanunsuz həsb edilir. Bunların hamısı AMEA prezidenti vəzifədə olanda da vardı, indi də davam edir. Deməli, sistem dəyişməyib. Razıyam, çox odioz adamdır, amma o da gedəndən sonra sistem dəyişmədi.

Zakir Qaralov da repressiyalarda xüsusi xidməti olan adam idi, amma vəzifəsindən gedəndən sonra sistem dəyişmədi. Eldar Mahmudovun adı repressiyalarda çox keçirdi, amma o da getdi, heç nə dəyişmədi. Daxili işlər naziri Usubov getdi, yeni adam gəldi, yenə də sistem dəyişmədi. İndiki hökumətdə neçə dəfə Baş nazir, hüquq-mühafizə orqanlarının rəhbərləri dəyişib, artıq bir ildir icra aparatının rəhbəri dəyişib. Bəs ciddi demokratikləşmə, gerçək islahat varmı? Buna görə adını müxalifətçi, ictimai xadim qoyub, gerçəklikdə İlham Əliyevin ailə hakimiyyətinə xidmət edən adamlar istəyirlər ki, birbaşa hökumətin başçısını tənqid edən kimsə qalmasın.

Onlar istəyir ki, hamı bu adamlar kimi hökumətin dirijor çubuğu ilə vurulmuş məmurların ifşası ilə məşğul olub, Əliyevin apardığı "islahatları” vəsf etməklə məşğul olsun. Bunu etmək real müxalifətlik mövqeyindən sapmaq deməkdir. Ona görə də mən prinsipial müxalifətçi mövqeyimdə qalaraq bütün imkanım olduğu müddətdə həqiqətləri deməkdə davam edirəm.

-Bununla belə, hökumətyönlü deputatlar Ramiz Mehdiyevin AXCP ilə işlədiyini israrla deyirlər...

-Necə, həbs etməklə? Ramiz Mehdiyev Prezident Administarsiyasının rəhbəri olanda AXCP sədrinin müavinləri, sürücüsü, köməkçisi həbsdə olub. Yaxud mənim qayınım, başqa yaxın qohumlarım həbsdə olub. 14 ildir pasportum verilmir, bu da Ramiz Mehdiyevin administrasiyaya rəhbərlik etdiyi dövrə təsadüf edir.

Partiya qərargahımızın qapısını qaynaq ediblər, digərini partladıblar. Belə fikrə düşmək birmənalı hökumətə xidmətdir. Bunu iddia edənlər çox böyük səhv edirlər, mənim mədəniyyətim bundan ağırını deməyə imkan vermir.

Əslində, bu yanaşma bizə qərəzli münasibət yox, hökumətə yarınmağın bir növüdür. Onların hamısı görür ki, İlham Əliyev AXCP-ni düşmən adlandırıb, partiyamızı bitirmək istəyib. İndi AXCP-nin üstünə gələnlərin hamısı İlham Əliyevə yaltaqlanırlar, ona loyallıqlarını göstərirlər. Əslində, AXCP-ni şərləyərək İlham Əliyevə yaltaqlanmağın yarışı gedir.

-Səfir Eldar Həsənovun həbsi və XİN-dəki digər həbslər hakimiyyətdaxili qarşıdurmalardan irəli gəlir, yoxsa fərqli gedişatın təzahürləridür?

-İddia vəzifə saxtakarlığı və korrupsiyadır, indi nə qədər adam inanar ki, Eldar Həsənov korrupsiya hallarına yol verib, bir səfirliyə ayrılan vəsaitlərin düzgün xərclənməməsinə yol verib? Ölkədə nə qədər adam bu iddianın gerçək olduğuna inansın? Aydın məsələdir ki, hakim komandada Eldar Həsənovu hansısa səbəblərdənsə vurmaq qərarı olub. Ola bilsin tam etibar etməyiblər, nədəsə şübhələniblər, siyasi etibarsızlıq yaranıb, yaxud qruplararası davada onu həbs qərarı olub. Eldar Həsənovun həbsini əsasən qruplarası davanın nəticəsi hesab edirəm. Neçə illərdir biz Eldar Həsənovun həbs olunacağı haqqında ehtimallar eşirdirdik, deməli, komanda içində onun nüfuzlu rəqibləri var. Bilirsiniz, hökumət ortalığa tutarlı arqument qoya bilmir. Ən azı ictimai fikirə məlumdur ki, ölkədə gerçək və nəhəng korrupsionerlər hələ həbs olunmur.

-Ancaq Rusiyaya bağlı qrupun vurulduğu fikri də var. Bu mənada müxalifət nə düşünür, tamaşaçı kimi qalmaq, yoxsa gedişata təsir göstərəcək?

-Müxalifət niyə tamaşa edir? Müxalifət həbsxana yollarındadır. Tamaşa edən varsa, başqalarıdır. Müxalifət həqiqətləri deməyin, mübarizənin önündə getməyin hesabını ödəməklə məşğuldur.

Payızda, qışda, yazda dəyişiklik edən adamlar, dəyişiklik ümidində olanlar heç olmasa siyasi məhbusları unutmasınlar. Neçə 100 min insan Tofiq Yaqublunun haqq davasına dəstək verir? Fuad Qəhrəmanlıya verilən işgəncələrə nə qədər adam etiraz edir?

Asif Yusiflinin, Məmməd İbrahimin, Ayaz Məhərrəmlinin və digərlərinin başına gələnlərə münasibət nədən ibarətdir? Partiyanın yarıdan çoxu həbsxanadadırsa, necə demək olar ki, tamaşaçısız?! Tamaşaçı olsaydıq, başqaları kimi günümüzü birtəhər yola versəydik, daha repressiyaları yaşamazdıq ki? Bütün MDB məkanında AXCP-nin yaşadığı repressiyanın başqa təşkilat tərəfindən yaşadığına rast gəlmisinizmi? Hətta Rusiyada, Belarusda müxalifət AXCP qədər repressiyalara məruz qalmayıb.

Deməli, biz ona görə repressiyaya məruz qalırıq ki, bütün gücümüzlə əzilən insanların haqq səsi olmağa çalışırıq. Nə zaman nəyin olacağını Azərbaycan xalqı özü qərar verəcək. Kimin ağlına gəlirdi ki, Belarusda xalq lidersiz, "bir lider olsaydı, biz də ayağa qalxardıq” bəhanəsi etmədən meydanlara çıxıb dünyanın ən qəddar diktatorlarından birini küncə sıxacaq?

Cəmi 3 ay əvvəl heç kimin ağlına gəlmirdi Belarusda belə xalq hərəkatı olacağına. Xalq hərəkatlarını öncədən pronozlaşdırmaq mümkün deyil. Ona görə də səmimi şəkildə bu həvəsə düşənləri qınamıram. İnsanlar boğaza yığılıb, bir anda ölkəsinin xilasını istəyir, onları anlayıram. Amma vaxtaşırı hadisə olsun, mən də özümü bu olayların içində necə reallaşdırıram deyə mövsümü olaraq mütləq hansısa gedişat proqnozlaşdırmaq lazım deyil.

Bu, xalqın verəcəyi qərardır. Heç bir siyasətçi, hətta böyük partiyanın sədri olsa da, bütövlükdə milləti ayağa qaldıra bilməz, əgər millət özü ayağa qalxmaq istəməsə. Millət özü nə vaxt ayağa qalxacaq, onu biz görəcəyik.

-Ancaq mən sualıma cavab almadım, Rusiyayönümlü qrupun sıradan çıxarılması məsələsi ola bilərmi?

-İstisna etmirəm ki, hökumət Rusiya ilə münasibətlər sahəsində də özünə hər hansı rəqib görmək istəmir. Heydər Əliyevin vaxtında da beləydi, Moskvanın diqqətini özünə cəlb etmiş, çox parlaq gənc yaşlarında karyera qazanan azərbaycanlıların aqibəti sonradan çox pis qurtarırdı. İndi də bənzər prosesi istisna etmirəm. Hökumət heç bir sahədə, nə biznesdə, nə siyasətdə Rusiya və başqa ölkələrlə münasibətdə rəqib görmək istəmir. Amma bu o demək deyil ki, Azərcaycan gerçəkdən müstəqil siyasət aparır. Mən şəxsən Rusiya hərbi donanmasının qarşısında rəqsə göndərilən azərbaycanlılara görə utandım.

Başqa hansı ölkədə digər dövlətin donanmasını rəqslə qarşılayırlar? Bakını vaxtilə azad edən Türkiyə ordusuna belə münasibət olmamışdı.

Bunu edən adamların özlərini vətənpərvər kimi təqdim etmələriylə barışa bilmərəm. İstisna etmirəm ki, hökumət Rusiya ilə əlaqələri olan adamları özü üçün təhlükəli hesab edə bilər. Amma bu, hökumətin müstəqilliyin üstündə əsməsi anlamına gəlməməlidir. Bu, yalnız heç bir sahədə rəqib görmək istəməməsidir. (meydan.tv)