Mail Kərimova işgəncə verilib

Mail Kərimova işgəncə verilib

Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü Mail Kərimov ona Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ("bandotdel") işgəncə verildiyini bildirib. 

Vetenugrunda.az-a açıqlama verən Mail Kərimov deyib ki, onu 22-ci polis bölməsindən çıxarıb, başına qara torba geyindirib "bandotdel"-ə aparıblar. İdarədə ona ağlasığmaz işgəncələr verilib: "Məndən məhkəmələrə getməmək tələb olunurdu. Şalvarımı əynimdən çıxarıb, zorlamaqla təhdid etdikdən sonra söz verdim ki, məhkəmələrdə iştirak etməyəcəm. "

YADDAŞ

Mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Razi Hümbətovun məhkəmə prosesində iştirak etmək üçün bağda gözləyənlərə polislər dağılışmasını və ərzaidən uzaqlaşmasını tələb ediblər. Bundan sonra polislər bağda məhkəmənin bitməsini gözləyənləri qovub ərazidən uzaqlaşdırıblar, Müsəlman Birliyi Hərəkatının 5 üzvünü -Mail Kərimov, Ağaəli Yəhyayev, Elgiz Məmmədovu, Süleyman Ələkbərovu və İmran Məmmədovu saxlayaraq 22-ci polis bölməsinə aparıblar.

Mail Kərimov və Süleyman Ələkbərov 22-ci polis bölməsindən "bandotdel"-ə aparılıb. Ağaəli Yəhyayeva həmin günü Nəsimi məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə 30 sutka inzibati həbs cəzası verilib. İmran Məmmədov və Elgiz Məmmədova mayın 21-də Nəsimi rayon məhkəməsində hər birinə 30 sutka inzibati həbs cəzası verilib.

Qeyd edək ki, ictimai fəal, Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü Razi Hümmbətov 2021-ci il iyulun 7-də saxlanıb. Hümbətov Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham edilib. Mayın 20-də hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Razi Hümmətov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Müsəlman Birliyi Hərəkatı Hümbətovun həbsi ilə bağlı yaydığı bəyanatda onun həbsini sosial şəbəkələrdəki tənqidi paylaşımları və narkomaniyaya qarşı mübarizə aparması ilə əlaqələndirib.

Qeyd edək ki, məhkəmə açıq keçirilsə də zala bütün proseslərdə ancaq Razi Hümmbətovun atası və qardaşı buraxılıb.