MBH üzvü Şamil Həsənov qanunsuz silah saxlamaqda ittiham edilir

MBH üzvü Şamil Həsənov qanunsuz silah saxlamaqda ittiham edilir

Müsəlman Birliyi Hərəkatının (MBH) üzvi Şamil Həsənov iyunun 22-də saxlanılaraq naməlum istiqamətə aparılıb.

Yaxınlarının vetenugrunda.az-a verdikləri məlumata görə, iyunun 23-də Ş.Həsənovun ailəsinə zəng edərək onun Baş Mütəşəkkil Cinayətkarlığla Mübarizə İdarəsində ("bandotdel") saxlanması haqqında məlumat verilib. Şamil Həsənovun evində axtarış aparılıb.

Bu  gün Nərimanov rayon məhkəməsində AR Cinayət Məcəlləsinin 228.1 (qanunsuz silah saxlama) maddəsilə ittiham olunan Ş. Həsənov haqqında 3 ay müddətinə sanksiya qərarı verilib.

Onun sabah Kürdəxanı təcridxanasına göndəriləcəyi bildirilib.

Onkoloji xəstəlikdən əziyyət çəkən Şamil Həsənovun xanımı Vüsalə Həsənovanın vetenugrunda.az-a verdiyi xəbərə görə, o, 2017-ci ildə beyin şişindən əməliyyat olunub. İşsiz və ağır xəstə olan Şamil Həsənov hər gün dərmanlar qəbul edir.