Möhsün Pakayin rəsmi Bakının münasibətinə mat qalıb

GünAzTV: İranın Azərbaycan Respublikasındakı keçmiş səfiri Möhsün Pakayin dekabrın 12-də “Tasnimnews” saytına müsahibəsində İsrailin baş naziri Benyamin Netanyahunun Bakıya nəzərdə tutulmuş səfəri və bu səfərin hədəflərindən danışıb.

O, bildirib ki, İsrailin baş naziri ölkəsini beynəlxalq təcrid və boykotdan qurtarmaq məqsədilə region səfərinə çıxır: “Biz rəsmi Bakının Netanyahunun Azərbaycan Respublikasına səfərinə razılıq verməsini gözləmirdik. Çünki Azərbaycan müsəlman ölkəsidir və müsəlman ölkələr sionist rejimin beynəlxalq təcriddən çıxmasına yardım edə biləcək hər hansı bir addımdan çəkinirlər. Sionist rejimin baş nazirinin Azərbaycana və Qazaxıstana səfərindən birinci hədəfi, İsraili təcriddən qurtamaqdır. Bu rejim, Fələstini işğal etdiyinə və onun xalqına qarşı törətdiyi cinayət və soyqırıma görə dünya ölkələrindən, o cümlədən də müsəlman ölkələrindən təcrid edilib. Məhz buna görə də, Netanyahu müsəlman ölkələrinə səfər etməklə bir tərəfdən törətdiyi cinayətləri ört-basdır etməyə, digər tərəfdən də ölkəsini boykotdan çıxarmağa çalışır.

Netanyahunun bu kimi səfərlərə ehtiyacı var. O, Azərbaycan Respublikasının milli günü ilə əlaqədar təbrik mesajı göndərərək cari ildə Bakıya səfər edəcəyini bildirib. Əslində isə o, bu səfərini Azərbaycan hökumətinə zorla qəbul elətdirib. Netanyahunun Bakıya səfərindən ikinci hədəfi, İranla Azərbaycan arasındakı münasibətlərə xələl gətirməkdir. Tehranla Bakı münasibətləri son illər misilsiz dərəcədə inkişaf edib. Bu isə sionist rejimi narahat edir. Elə buna görə də Netanyahu bu səfərlə Tehran-Bakı münasibətlərinin müsbət prosesinə xələl gətirməyə cəhd göstərir.

Biz, Azərbaycan Respublikasının bu səfərlə razılaşmasını gözləmirdik. Çünki Azərbaycan, müsəlman ölkələri birliyinin üzvüdür və həmin birliyə üzv ölkələrin razılaşmasına əsasən, müsəlman ölkələri sionist rejimlə münasibət qurmaqdan və onun beynəlxalq təcriddən çıxmasına yardım edən hər hansı bir addım atmaqdan çəkindiriliblər.

Bundan başqa, Azərbaycan Respublikasının müsəlman əhalisi sionist rejimə nifrət edir. Elə buna görə də onlar öz hökumətlərinin bu addımından narazı qalacaqlar və ölkə rəsmilərini bu baxımdan tənqid edəcəklər. Təəccüb doğuran məsələ isə, öz torpaqlarının işğalından ziyan görən bir ölkənin, işğalçı və cinayətkar bir rejimə ev sahibliyi etməsidir. Hesab edirəm ki, heç bir müsəlman ölkəsi sionist rejimlə strateji münasibətlər qura bilməz. Çünki bu rejim, islam dünyasının təhlükəsizliyinə qarşı ən böyük təhdiddir. Bu rejim, müsəlmanların ilk qibləsini işğal edib, hər gün də müsəlmanlara qarşı yeni cinayətlər törədir. Məhz buna görə də düşünürəm ki, Bakı ilə Tel-Əviv münasibətləri strateji xarakter daşımayacaq. Bir sözlə, Netanyahunun bu səfəri məğlubiyyətə uğrayacaq.

Sionist rejiminin Tehranla Bakı arasındakı münasibətləri pozmaq planı baş tutmayacaq.  Çünki iki ölkə arasındakı əlaqələr möhkəmdir və İranla Azərbaycan Respublikası rəsmiləri ağıllı addımlar ataraq bu münasibətlərin pozulmasına imkan verməyəcəklər. Bilirəm ki, Azərbaycan Respublikası hökuməti, sionist rejimin qeyri-səmimi olduğunu keçmişdə təcrübə edib. Elə buna görə də ümid edirəm ki, Azərbaycan tərəfi, bu səfərdə, Tel-Əvivin Bakı ilə münasibətlərindən su-istifadə etməsinə icazə verməyəcək”.

Xatırladaq ki, bundan əvvəl İranın daha iki rəsmisi, Urmiyanın cümə namazının rəhbəri axund Seyid Mehdi Qüreyşi və İran parlamentinin sədri Əli Laricaninin köməkçisi  Hüseyn Əmir Abdullahiyan  ayrı-ayrılıqda açıqlamalar verərək Netanyahunun Bakıya  səfərini tənqid ediblər.