Müharibəni Paşniyanın arvadı idarə edirmiş-Movses Akopyan

Müharibəni Paşniyanın arvadı idarə edirmiş-Movses Akopyan

"Paşinyanın arvadı komanda mərkəzində oturub monitorda döyüşlərə baxırdı, ona dedim ki..."

Ermənistan silahlı qüvvələrinin keçmiş Baş qərargah rəisi, Müdafiə Nazirliyinin hərbi müfəttişliyinin rəhbəri vəzifəsindən ötən gün istefa verən general Movses Akopyan Qarabağda müharibə gedərkən baş nazir Nikol Paşinyanın arvadının komanda məntəqəsində olduğunu təsdiqləyib. Və deyib ki, Anna Akopyandan otağı tərk etməyi xahiş etdiyi üçün Yerevana geri çağırılıb.

Xatırladaq ki, Anna Akopyanın Qarabağda döyüş əməliyyatları zamanı erməni generallarının müşavirə keçirdiyi komanda məntəqəsində olduğu, bu zaman generallardan birinin ondan otağı tərk etməyi istədiyi üçün Paşinyan tərəfindən işdən çıxarıldığı haqda xəbərlər neçə gündür yayılırdı. Bu gün isə erməni KİV-ləri yazmışdı ki, həmin general Movses Akopyandır.

General Mosves keçirdiyi mətbuat konfransında məlumatı təsdiqləyib. Deyib ki, Paşinyanın arvadı hərbi müşavirə keçirilən komanda məntəqəsinə icazəsiz daxil olmuşdu. Hansı ki, kənar şəxslərin ora daxil olması qəti qadağan idi.

General içəri girəndə Anna Akopyanı monitorun qarşısında oturub döyüşlərin videoyazısına baxdığını görüb. Bu vaxt general-leytenant Samvel Babayan da orada olub. Movses Akopyan deyir ki, Paşinyanın arvadı suallar vermirdi və heç nə danışmırdı. General ona yaxınlaşıb və komanda məntəqəsini tərk etməyi xahiş edib. Deyib ki, onun burada olması lazım deyil.

"Mən dedim: "Lazım deyil, burada kişilər danışır, söyüş söyürlər. O da dedi "yaxşı". Dörd saat sonra məni Yerevana, müdafiə nazirinin yanına çağırdılar. Mən bu gözlənti ilə getdim ki, tezliklə Qarabağa geri qayıdacam. Amma nazir mənə dedi ki, daha ora getməli deyiləm",-Movses bildirib.

Habelə general əlavə edib ki, Paşinyanın adından ona "arsax müdafiə ordusunun" komanda məntəqəsinə daxil olmaq qadağan edilib. (virtualaz.org)