Müsəlman Birliyi Hərəkatının BƏYANATI: "Belə davranışlara aydınlıq gətirilməlidir"

Müsəlman Birliyi Hərəkatının BƏYANATI: "Belə davranışlara aydınlıq gətirilməlidir"

"Milli qürur yerimiz olan Şəhidlərimiz xalqımızın vəhdət və birlik nöqtəsidir.

Siyasi düşüncə və sosial mənsubiyyətindən asılı olmayaraq xalq hər bir şəhidinə sevgi və sayğı nümayiş etdirir, onun dəfnində iştirakını şəhid ruhu önündə son vəzifəsi hesab edir.

Təəssüf ki, vətən müharibəsinin ilk şəhidlərinin dəfnindən bəri ölkədə polis və vətəndaşlar arasında etirazlar yaşanmaqdadır. Hakimiyyət tərəfindən yaradılan süni maneələr şəhid dəfninə gələnlərə təzyiq, hədə-qorxu və sair formalı davranışlarla müşahidə olunub.

Belə kobud müdaxilənin davamı bu gün Nardaranda, şəhid Hüseyn Xəlilovun dəfni zamanı yaşanaraq bütün ali dəyərlərə zərbə oldu. Şəhidimizin dəfn mərasimdə qarşıdurma yaradan məmur əslində ali dəyərlərimizə qarşı çıxmış olur.

Dəfn iştirakçılarına qarşı təzyiq etmək, onları saxlamaq, polis idarəsində alçaldıcı davranış etməklə hakimiyyət nəyi göstərmək istəyir? Şəhid dəfnlərinə qarşı polis təzyiqləri hansı marağa xidmət edir? Belə davranışlara aydınlıq gətirilməli və Şəhidlərin pak ruhuna hörmətsizlik edən məmurlar mütləq cəzalanmalıdır.

Şəhidlərin dəfni üçün təhkim olunan məmur xüsusi maarifləndirilməli, valideynin və yaxınların hisslərinə həssas və anlayışlı olmlalıdır. Dəfndə iştirak hansısa etiraz aksiyası deyil. Polis sırf asayişi tənzimləməli, aqressiya göstərməməli, vətəndaşı da təmkinlə qəbullanmalıdır. Qalib ordumuzun Şəhidləri nümunəvi şəkildə dəfn edilməlidir. Polis və vətəndaş həmrəyliyi yüksək səviyyədə təşkil edilməlidir".

26.04.2021. Müsəlman Birliyi Hərəkatı