"Oğlumun sağ olduğuna artıq inanmıram"

 "Oğlumun sağ olduğuna artıq inanmıram"

Məhəmməd İmanlının atası: "Oğlumun sağ olduğuna artıq inanmıram"

14-15 iyul Qarabağ yürüşünə görə saxlanılıb, barəsində koronavirus yaymaq ittihamı ilə cinayət işi açılan və 3 aylıq həbs qətimkan tədbiri seçilən AXCP fəalı Məhəmməd İmanlının ailəsi onun həyatından narahatdır. Atası Ramiz İmanov bildirir ki, Məhəmməd İmanlının sağ olduğuna artıq şübhə edir.

Məhəmməd İmanlının Penitensiar Xidmətin Tubzon deyilən 3 saylı ixtisaslaşmış müəssisəsində saxlandığı bildirilir. Lakin ailəsi indiyədək ondan hər hansı xəbər öyrənə bilməyib.

Ramiz İmanov deyir ki, oğlunu iyulun 16-da evdən aparıb həbs ediblər və indiyədək ailəsinə heç bir məlumat verilmir, onun nə evə zəng etməsinə, nə də vəkillə görüşməsinə imkan verilir. "Əgər bir ölkədə insanları sahə müvəkkili gəlib evdən aparıb, bölmə rəisi ilə birləşib, şərləyib həbs edirlərsə, görəsən bu ölkənin qanunları nə ücün yazılıb? Oğlum İmanlı Məhəmməd 16 iyul tarixində sahə müvakkili Musa tərəfindən 13-cü polis bölməsinə aparılıb, 4 gün qeyri-qanuni həmin bölmədə saxlandıqdan sonra, iyulun 22-si məhkəməyə cıxarılıb, barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

Bu günə kimi övladımdımdan hec bir məlumat yoxdur. Vəkillə də görüşə icazə vermirlər, telefonla əlaqə saxlamağa da. Artıq mən oğlumun sağ olmasına inanmıram.

Baş Prokurorluğa müraciət etdim, onlar da cavab vermədilər. Əgər Məhəmməd həqiqətən sağdırsa, imkan yaratsınlar hec olmasa evə zəng etsin.

Övladımın başına bir iş gəlsə bütün məsuliyyət bu hakimiyyətin üzərində qalacaq. Bu qədər ədalətsizlik olmaz. Demək bu ölkədə kimi istəsələr, gəlib evdən aparıb yoxa cıxara bilərlər. Vicdanı olan bütün insanlara müraciət edirəm ki, Məhəmmədin taleyinə biganə qalmasınlar", - deyə Ramiz İmanov bildirib. (azadlıq qəzeti)