Prezidentin Qoşulmama Hərəkatının Bakı konfransında çıxışından

Prezidentin Qoşulmama Hərəkatının Bakı konfransında çıxışından

 Prezident İlham Əliyev iyunun 30-da Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışında söyləyib.

Vetenugrunda.az Prezidentin konfransdakı çıxışından bəzi məqamları oxucularına təqdim edir:

Biz işğala son qoyduq, ədaləti bərpa etdik

"Mən 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının Zirvə toplantısında qeyd etmişdim ki, biz beynəlxalq hüququ, ədaləti bərpa edəcəyik. 

Biz uzun illər, 30 il gözlədik ki, beynəlxalq ictimaiyyət tərəfindən bu məsələnin həlli tapılacaq və işğala son qoyulacaq. Bu məqsədlə 1992-ci ildə ATƏT-in Minsk qrupu təsis olunmuşdu. Qrupun funksiyası münaqişənin həlli, işğala son qoymaq idi. Lakin əksinə, ATƏT-in Minsk qrupu sadəcə bir alətə çevrilmişdi.

Qoşulmama Hərəkatındakı dostlarımız Azərbaycana qarşı təxribatların qarşısını aldılar

Azərbaycan otuz il böyük ədalətsizliklə üzləşmişdi. Biz torpaqlarımızı işğaldan azad edərək bu ədalətsizliyə son qoyduq.

Bu, təkcə sözlərlə ifadə olunan kampaniya və ittihamlar deyildi, özünü başqa şəkildə də göstərirdi. Bəzi ölkələr bu barədə BMT Təhlükəsizlik Şurasında məsələ qaldırmışdılar. Lakin bizim Qoşulmama Hərəkatında olan dostlarımız bu cəhdin qarşısını aldılar. Beləliklə, Ermənistanın beynəlxalq səviyyədə Azərbaycana qarşı təxribatlarının qarşısı alındı. Mən buna görə sizə təşəkkür edirəm". İlham Əliyev: Minsk qrupu ilə bağlı spekulyasiyalar sülh üçün dağıdıcı təsirə malikdir.

Artıq Azərbaycan işğala son qoyub, Azərbaycan öz ərazi bütövlüyünü hərbi və siyasi yolla təmin edib. Belə olduğu halda artıq Minsk qrupuna ehtiyac yoxdur, biz Minsk qrupu ilə vidalaşmışıq, onlarla sağollaşmışıq.

Lakin təəssüflər olsun ki, Ermənistan tərəfi və digərləri bu qrupu canlandırmaq istəyirlər. Bildirmək istəyirəm ki, bu, qeyri-mümkündür. Artıq o qrup ölüdür, cansızdır. Biz işğaldan xeyli əziyyət çəkmişik və bunu açıq-aydın şəkildə bildiririk. Düşünürəm ki, ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda dağıdıcıdır, regionda sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir".

Azərbaycanın digər təşəbbüsü BMT-də Qoşulmama Hərəkatının dəstək ofisinin yaradılmasıdır 

"Bizim digər təşəbbüsümüz BMT-də Qoşulmama Hərəkatının dəstək ofisinin yaradılmasıdır. Bu təşəbbüs Qoşulmama Hərəkatının bütün üzvləri tərəfindən dəstəklənib.

Hesab edirəm ki, bunun da zamanı yetişib. Dəstək ofisinin yaradılması təşkilatımızın institusional inkişafı üçün növbəti addımdır. Bu, beynəlxalq arenada maraqlarımızı qorumaqda və ölkələrimiz arasında həmrəyliyi gücləndirməkdə mühüm rol oynayacaq".

Pandemiya dövründə 80-dən çox ölkəyə maddi yardım və humanitar dəstək göstərdik

Qoşulmama Hərəkatına sədrliyimiz COVID-19 pandemiyası vaxtına təsadüf etdi. Ölkəmiz pandemiyaya qarşı fəal mübarizə aparan ölkələrdən biri oldu və xəstəliklə mübarizədə aktiv rol oynadı.