Putin və Makron Qarabağı müzakirə ediblər

Putin və Makron Qarabağı müzakirə ediblər
Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. Bu barədə Kremlin mətbuat xidməti xəbər verir. Dövlət başçıları telefon danışığının gedişatında Dağlıq Qarabağda, həmçinin Belarus Respublikasında yaranan vəziyyəti müzakirə ediblər. Telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə reallaşıb. İki dövlətin rəhbərləri Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskinləşməsini pisləyiblər, həmçinin davam edən döyüş əməliyyatları ilə əlaqədar narahatlıqlarını ifadə ediblər. Qeyd edək ki, oktyabrın 30-da Fransa Prezidenti Emmanuel Makron tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş verən son hadisələrə dair verilən bəyanat və orada ifadə olunan fikirlər təəssüf ki, Fransanın bu çətin və gərgin mərhələdə Ermənistan tərəfinin mövqeyini dəstəklədiyini göstərir. Bu, Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi icra etdiyi funksiyasını ciddi şəkildə şübhə altında qoyur. Hesab edirəm ki, Fransanın müvafiq rəsmi dairələri bu ölkənin vasitəçi kimi hansı mövqedən fəaliyyətini davam etdirəcəyi barədə açıqlama verməlidir. Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev bildirib. O, habelə qeyd edib ki, son günlər bir sıra Qərb media vasitələri, o cümlədən BBC, “Reuters” “Guardian” tərəfindən guya Suriyadan Azərbaycana muzdlu əsgərlərin gəlməsi barədə uydurma və heç bir tutarlı mənbələrə əsaslanmayan xəbərlər yayılır. “Təəssüf ki, bəzi Qərb mediası Azərbaycana qarşı bu qərəzli mövqeyi 100 ildir ki, nümayiş etdirir. Hələ 1905-ci ildə Çar Rusiyası zamanı ermənilərlə azərbaycanlılar arasında çaxnaşmalar başlayan zaman həmin hadisələrlə bağlı Qərb mediasında islamofobiya və türkofobiya yönümlü tendensiya müşahidə olunmuşdu. Qərb media nümayəndələri yaxşı bilir ki, Azərbaycan dünyəvi ölkədir. Terrora qarşı ABŞ və digər ölkələrlə sıx əməkdaşlıq edir və beynəlxalq təhlükəsizliyin möhkəmlənməsində Azərbaycanın töhfəsi tutarlıdır. İndiki halda, yəni Azərbaycanın beynəlxalq hüquqa əsaslanaraq öz işğal olunmuş torpaqlarını azadetmə əməliyyatları apardığı zamanda ölkəmizə qarşı belə qərəzli mövqe Qərb institutları, o cümlədən media qurumlarının fəaliyyətini, onların peşəkarlığı və obyektivliyini şübhə altına alır”,-F.Şəfiyev deyib. Təhlil mərkəzinin rəhbərinin fikrincə digər bir məsələ ondan ibarətdir ki, bir sıra beynəlxalq qurumlar və ölkələr Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqların bərpasına dair çağırışlar səsləndirir. “Ona görə də bu məqamda sual olunur: Hansı danışıqların bərpasından söhbət gedir? Ermənistan ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar formatının dəyişdirilməsi barədə tələb irəli sürür. 10 ildən çoxdur müzakirə olunan və razılaşdırılmış Madrid Prinsiplərini rədd edir. Belə olan halda, deyə bilərik ki, bu günki gərgin vəziyyətlə bağlı bütün məsuliyyət məhz Ermənistan rəhbərliyinin üzərinə düşür”,-Şəfiyev vurğulayıb.