Qiyas İbrahimov inzibati həbs cəzası ala bilər

Qiyas İbrahimov inzibati həbs cəzası ala bilər

Sabah Nizami Rayon Məhkəməsi qərar çıxaracaq

İyunun 9-da Nizami Rayon Polis İdarəsinin 25-ci bölməsində Qiyas İbrahimovun həbs olunması haqqında protokol tərtib olunub. Ona qarşı İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi irəli sürülüb.

Məlumatı Meydan TV-yə vəkil Elçin Sadıqov verib.

Vəkil bildirib ki, iyunun 10-da Nizami Rayon Məhkəməsində iddiaya baxılacaq:

"Həmin maddəyə əsasən Qiyas İbrahimov 15 sutka inzibati cəza alar bilər".

Gənc fəal Qiyas İbrahimov iyunun 9-da polis zorakılığına etiraz aksiyası keçirib. Yaşadığı binanın damına çıxan fəal üzərinə "Bəsdir əyildin. Susma, sən də din!" şüarı yazılmış plakatı oradan asıb. O, bununla polisin iyunun 8-də Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən binada keçirdiyi "zibil əməliyyatı"na etirazını bildirib.