Razi Alışovun barəsində həbs qətimkan tədbiri 2 ay uzadılıb

Razi Alışovun barəsində həbs qətimkan tədbiri 2 ay uzadılıb

AXCP Gəncə Təşkilatının üzvü Razi Alışovun barəsində həbs qətimkan tədbiri 2 ay uzadılıb.

Vetenugrunda.az-a onun yaxınları məlumat verib.

"Razinin iyunun 26-da məhkəməsi keçirilib. Lakin məhkəmədən vəkilin və ailəsinin xəbəri olmayıb. Proses gizli keçirilib. Bu isə qanunaziddir".

YADDAŞ

2022-ci ilin 28 may tarixində Razi Alışov küçələrindən oğurlanıb. Ailəsi sonradan onun Kəpəz Polis İdarəsində saxlandığını öyrənib.

29 mayda onun haqqında 48 saatlıq saxlanması haqqında sanksiya çıxarılıb. Gəncə məhkəməsi 30 may tarixində Razi Alışov haqqında CM-nin 234.2 maddəsi ilə (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) ilə 2 aylıq həbs qəti imkan tədbiri qərarını verib. 

30 may tarixində Razi Alışovun özünün iştirakı ilə evində, azyaşlı uşaqlarının gözü qarşısında axtarış aparılıb. Axtarış videolentə alınıb.  Axtarış zamanı Razi Alışovun anasına hansısa kağıza qol çəkdiriblər. Gözlüyünü götürməyə imkan verməyiblər ki, yazılanları oxusun.

İyunun 2-də Gəncə Apellyasiya Məhkəməsində Razi Alışov haqqında həbs qərarından verilmiş apellyasiya şikayətinə baxılıb. Prosesdə Razi Alışovun özü də iştirak edib. O, polislətin ona işgəncə verdiyini bildirib. Deyib ki, sol qulağı zərbələrdən kar olub, ciynində, qolunda göyərtilər var.

Məhkəmədə o da məlum olub ki, Razi Alışova qarşı ittiham ağırlaşdırılıb. Ona əvvəlcə Cinayət Məcəlləsinin 234.2 (satış məqsədilə narkotik maddə əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham irəli sürülmüşdü. Bu maddədə 3 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Sonradan ittiham Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 (satış məqsədilə bir qrup şəxs tərəfindən külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddələrinə tövsif olunub. Razi Alışov ittihamı rədd edib və bildirib ki, onun üzərində narkotik vasitə olmayıb. Lakin Teyyub Muxtarovun sədrlik etdiyi hakimlər kollegiyası onun barəsində seçilmiş həbs qətimkan tədbirini qüvvədə saxlayıb.

Sosial şəbəkələrdə Razi Alışovun ictimai fəaliyyəti və AXCP üzvü olduğuna görə şərlənməsi haqqında geniş müzakirələr başlayanda DİN-in mətbuat xidməti olayla bağlı açıqlama yaydı:

"Sosial şəbəkələrdə Razi Alışov adlı şəxsin müxalif fikirli olduğuna görə şərlənərək həbs olunduğu iddia edilir. Qeyd olunan iddialar tamamilə əsassızdır.

Həmin iddiaları tirajlayanlara müraciət edərək bildirirəm ki, narkotiklərin satışı ilə məşğul olanları müdafiə etməkdənsə, belələrini kəskin qınamalıyıq. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hər gün onlarla şəxs saxlanılaraq barələrində müvafiq tədbirlər görülür. Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər siyasi baxışlarına və cəmiyyətdə tutduqları mövqelərinə görə deyil, törətdikləri konkret əmələ görə məsuliyyətə cəlb olunurlar.

Gəncə şəhər sakini Razi Alışov da dünən Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində narkotik vasitə olan metamfetamini satarkən tutulub. Faktla bağlı Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayə işi başlanılıb, istintaq davam etdirilir. Vətəndaş Razi Alışov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib".

Lakin Razi Alışovun saxlanma səbəbinin ictimai fəaliyyətinə görə baş verdiyi daha inandırıcı görünür. O, şərlənərək həbs edilən şəxsləri daim müdafiə edirdi və ailələrinə baş çəkirdi. Eyni zamanda siyasi məhbusların məhkəmə proseslərində iştirak edir, sosial şəbəkələrdə bu barədə paylaşımlar edirdi.