Razi Hümbətovun məhkəməsi təxirə salındı

Razi Hümbətovun məhkəməsi təxirə salındı

Narkomaniyaya qarşı mübarizə aparması ilə tanınan fəal Razi Hümbətovun məhkəməsi başlayıb.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə Bakı Ağır Cinayətlə məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə ilkin hazırlıq iclası baş tutub.

Məhkəmədə iştirak etmək istəyənlər zala buraxılmayıb. Etiraz edənlərə "Bu Ali Məhkəmənin qərarıdır. Bundan sonra məhkəmə iclası keçirilən zallara iki-üç nəfərdən artıq şəxs buraxılmayacaq" deyiblər.

Razi Hümbətovun məhkəməsində atası Karrar Hümbətovdan başqa şəxslərin iştirakına icazə verilməyib. Məhkəmədə iştirak etmək istəyən "Müdafiə Xətti"nin təmsilçisi, hüquq müdafiəçisi Zəfər Əhmədovun və media nümayəndələrinə icazə verilməyib.

Məhkəmə 21 oktyabra təxirə salınıb.

Qeyd edək ki, illərdir ölkədə tüğyan edən narkomaniyaya qarşı mübarizə aparan Müsəlman Birliyi Hərəkatının üzvü, Abşeron rayonunun Ceyrənbatan qəsəbəsində yaşayan ictimai fəal Razi Hümbətov bu il, iyulun 7-də oğurlanıb. Ailə üzvləri 4 gün axtardıqdan sonra onun Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində saxlanıldığını öyrəniblər. 

Bakının Nərimanov rayon Məhkəməsi Hümbətov barəsində həbs qətimkan tədbiri seçib. Vəkili Cavad Cavadov həbs qətimkan tədbiri ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti versə də Bakı Apellyasiya Məhkəməsi Nərimanov məhkəməsinin verdiyi qərarı qüvvədə saxlayıb. 

Razi Hümbətova qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma-külli miqdarda törədildikdə) ittiham irəli sürülüb.