Razi Hümmbətovun məhkəməsi avqusta təxirə salındı

Razi Hümmbətovun məhkəməsi avqusta təxirə salındı

İyulun 27-də Bakı Apellyasiya Məhkəməsində Müsəlman Birliyi Hərəkatının üzvü, ictimai fəal Razi Hümbətovun növbəti məhkəmə prosesi keçirilib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən proses 10 avqust saat 10:15-ə təxirə salınıb.

YADDAŞ

İllərdir ölkədə tüğyan edən narkomaniyaya qarşı mübarizə aparan Müsəlman Birliyi Hərəkatının üzvü, Abşeron rayonunun Ceyrənbatan qəsəbəsində yaşayan ictimai fəal Razi Hümbətov 2021-ci ilin iyulun 7-də oğurlanıb. Ailə üzvləri 4 gün axtardıqdan sonra onun Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində saxlanıldığını öyrəniblər. Bakının Nərimanov rayon Məhkəməsi Hümbətov barəsində həbs qətimkan tədbiri seçib.

Vəkili Cavad Cavadov həbs qətimkan tədbiri ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti versə də Bakı Apellyasiya Məhkəməsi Nərimanov məhkəməsinin verdiyi qərarı qüvvədə saxlayıb. Razi Hümbətova qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma-külli miqdarda törədildikdə) ittiham irəli sürülüb.

Bu il mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Razi Hümbətov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Hazırda Razi Hümbətovun Bakı Apelyasiya məhkəməsində hakim İlqar Murğuzovun sədrliyi ilə məhkəməsi keçirilir.