Rövşən Əhmədli Milli Şuranı tərk etdi

Rövşən Əhmədli Milli Şuranı tərk etdi

Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli təmsil olunduğu Milli Şuranı tərk edib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu barədə o, sosial şəbəkədəki hesabında müraciət paylaşıb:

"Salam, dəyərli dostlar.

Son zamanlarda Milli Şuranın Koordinasiya Mərkəzində baş verən arzuolunmaz hadisələr, sosial şəbəkələrdə geniş müzakirə olunan mübahisəli məqamlar, ictimaiyyətin, vətəndaş cəmiyyətinin müxtəlif təbəqələrinin bu hadisələrə münasibəti məni də dərindən narahat etdi və təəssüfləndirdi. Baş verən hadisələrə və dostlarımızın mənə yönəlik suallarına səhhətimdə yaranmış ciddi problemlərlə əlaqədar aparılan intensiv müalicələr səbəbindən zamanında cavab verə bilmədiyimə görə də çox üzgünəm və hamınızdan üzürxahlıq edirəm.

Müxtəlif məsələlərdə fərqli baxışlar nümayiş etdirmək normal haldır və bu demokratiyanın bir göstəricisidir.Lakin bununla yanaşı Azərbaycan xalqının elə dəyişilməz və dəyişilməsi mümkün olmayan milli-mənəvi, dini dəyərləri var ki, heç bir halda onlardan vaz keçilməsi və aşağılanmasına yol vermək olmaz.

Milli Şurada olduğum bu illərdə ideoloji baxış fərqlərimizə baxmayaraq Azərbaycan xalqı və dövlətinin maraqlarının qorunması, xalqın illərlə arzuladığı demokratik hüquqi dövlət quruculuğuna dinc mübarizə vasitələrilə keçidin təmin olunması üçün bütün mümkün olan,bəzən də mümkünsüz görünən işləri həyata keçirə bilsək də bir sıra məsələlərdə bir birimizin baxış və mövqelərinə hörmətlə yanaşmağı öyrənə bilmədik və ya öyrənmək istəmədik.M.Ş təsis olunarkən 07 iyun 2013-cü ildə etdiyim çıxışda da xalqın bu birliyə olan ümüdlərini doğrultmaq üçün şəxsi, qrup, partiya maraqlarını kənara qoyub həqiqi,səmimi ,etimadlı birlik yaratmağın vacib və zəruri olduğunu bildirmişdim.Şox təəssüf ki, bir çoxları elə ilk fürsətdə bu birliyi tərk etdilər.

Hadisələr göstərdi ki,biz hələ də göstərilən ambisiyalardan qurtulub,bir addım geri atıb monolit birlik ola bilmirik.

Mən Milli Şurada baş verənlərə görə hədsiz dərəcədə üzgünəm. Bu birliyin qorunması və xalqın ümüdlərini doğrultmaq üçün illərlə etdiyim bütün səylərə baxmayaraq yaranmış vəziyyətdə Milli Şurada qalmağı mümkünsüz, faydasız hesab edir və acı təəssüf hissi ilə bu gündən Milli Şuranı tərk edirəm. Milli Şuranı tək etsəm də demokratik, hüquqi dovlət quruculuğu uğrunda mübarizəmiz davam edir və bu mübarizədə hamıya uğurlar diləyirəm.

Sonda mübahisə edib münaqişələr yaradan bütün tərəflərdən buna son qoymağı və gec də olsa müdrüklük göstərməyi xahiş edirəm.

ALLAHIN salamı olsun bütün hidayəti qəbul edənlərə!"

Qeyd edək ki, Demokratik Qüvvələrin Milli Şurası və ya qısaca Milli Şura prezident seçkiləri ərəfəsində 2013-cü il 7 iyun-da təsis olunub.