Rusiya hərbi gəmiləri zərbə üçün toplanır

Rusiya hərbi gəmiləri zərbə üçün toplanır

Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmiləri Aralıq dənizi sularında, Suriya sahillərində cəmləşdirilir.

İstisna deyil ki, məqsəd Suriyanın şimalına, Əsəd rejiminə müxalif qüvvələrin mövqelərinə, yəni Türkiyə-Rusiya deeskalasiya zonasına güclü zərbələr endirməkdir.

Avia.pro saytı bildirir ki, bir neçə saat əvvəl dörd Rusiya hərbi gəmisi-"Boykiy", "Kalininqrad", "Korolev" və "Minsk" Hibraltar boğazını keçərək Aralıq dənizinin şərqinə istiqamət alıb. Həmin rayonda artıq Rusiyanın "Kalibr" raketləri ilə silahlanmış su üstü və sualtı gəmiləri var.

Sayt yazır ki, gəmilərlə Suriyaya onlarla tank daşınması haqda da məlumatlar var. Bu tanklar Suriya ordusunun İdlibə gözlənilən irimiqyaslı hücumu zamanı istifadə olunacaq. Ötən ilin martında Suriya ordusu İdlibə böyük sayda hərbi qüvvənin, o cümlədən tankların dəstəyi ilə hücuma keçsə də Türkiyənin “Bayraktar TB2” döyüş pilotsuz təyyarələri onları böyük itkilərə məruz qoymuşdu.

Qeyd edək ki, son günlər Rusiya və Əsəd qüvvələri Suriyanın şimalına güclü raket-bomba zərbələri endirib. Nəticədə Əsəd iqtidarına müxalif qüvvələrin bazaları dağıdılıb. Türkiyə atəşkəs rejiminin pozulmasına görə Rusiya tərəfinə etirazını bildirib. Məlumatlara görə Türkiyə də Suriyanın şimalına əlavə qüvvələr səfərbər edir, eləcə də bölgədə pilotsuz aviasiyasını fəallaşdırır. (virtualaz.org)