Rusiya Türkiyədən anti-dron sistemləri alacaq 

Rusiya Türkiyədən anti-dron sistemləri alacaq 

Türkəyinin milli hərb texnologiyaları və müdafiə sistemləri şirkəti KALKA Rusiyaya dron əleyhinə mobil sistemlər ixrac etməyə hazırlaşır.

Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Antalya mərkəzli şirkət Türk Silahlı Qüvvələri ilə əməkdaşlıq edir və Müdafiə Nazirliyi tərəfindən verilən NATO Təhlükəsizlik Sertifikatına malikdir. Son 8 ay ərzində şirkət dron və pilotsuz uçan aparatların (PUA) qarşısının alınmasına yönəlmiş mobil erkən xəbərdarlıq hava müdafiə sistemi üzərində çalışıb.

Şirkətin elmi direktoru Bəkir Yalçın, əks-dronun xüsusilə terror hücumlarının və icazəsiz malların (narkotik, partlayıcı və digər qadağan olunmuş maddələrin) trafikinin qarşısını almaq üçün istifadə ediləcəyini qeyd edib.

"İlk tələb Rusiyadan bir şirkətdən gəldi, razılaşma əldə edildi, istehsal başladı. Çatdırılmanın ilin sonuna qədər reallaşacağı gözlənilir. Digər ölkələrin bəzi şirkətləri ilə müqavilə bağlamaq mərhələsindəyik və bəziləri ilə danışıqlar davam edir.

Müdafiə sənayemizi gözəl günlər gözlədiyini söyləyə bilərik", - B.Yalçın bildirib. Hərbi mütəxəssis hələlik bir mobil sistemin ixrac ediləcəyini, gələcəkdə isə tədarük həcminin artırılmasının planlaşdırıldığını da sözlərinə əlavə edib.

Qeyd edək ki, türk mühəndislərinin ixtirası digər ölkələrin də diqqətini çəkib.

Rusiya ilə yanaşı sistem Şri Lanka, Banqladeş, Malayziya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Əfqanıstan və Pakistan tərəfindən də sifariş edilib.(yeniavaz)