"Tərtər işi" üzrə zərərçəkənlərin yaxınları etiraz aksiyası keçiriblər

"Tərtər işi" üzrə zərərçəkənlərin yaxınları etiraz aksiyası keçiriblər

Bu gün (16 iyun)  "Tərtər işi" üzrə həbs olunanların yaxınları, həmçinin zərərçəkmişlər Azərbaycan Respublikası Baş Prokurorluğunun qarşısında etiraz aksiyası keçiriblər.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, etirazçılar hərbi prokuror Xanlar Vəliyevin istefasını tələb ediblər. 

2017-ci ildə Tərtərdə Azərbaycan Ordusunun əsgər və zabitlərinə qarşı törədilmiş amansız cinayət hadisəsində dəhşətli işgəncələr görmüş hərbçilərimiz və işgəncələrlə qətlə yetirilmiş hərbçilərin valideyinləri, qohumları eyni zamanda yeni başlayan istintaqın gedişatından narazı olduqlarını bildiriblər. Belə ki, şikayətçilər deyib ki, "Tərtər işi" üzrə istintaqın yeniləndiyini elan etsələr də araşdırmalarda, istintaqın gedişində heç bir yenilik yoxdur: " Yeni istintaqın gedişində də sənədləri saxtalaşdırırlar, işgəncələrlə və qətllərlə əlaqəsi olan məmurları məsuliyyətə cəlb etmək əvəzinə ört-basdır edirlər". 

Aksiya zamanı "Tərtər işi" ilə bağlı 2017-ci ildə həbs olunan, işgəncə ilə öldürüldüyü iddia olunan hərbçi Elçin Quliyevin anası Validə Mahmudova Xanlar Vəliyevə ünvanlanmış bəyanat səsləndirib:

"Prezident İlham Əliyevin göstərişi ilə 16 dekabr, 2021-ci ildə həmin işin istintaqı yenilənib və 1000-dən çox zərərçəkmiş, şahid dindirilib. İstintaq zamanı öldürülənlərə, eləcə də sağ qalan başqa zərərçəkənlərə hərbi prokurorluğun inzibati binasında işgəncələr verilmiş və bütün bunlara şəxsən sizin və müavininiz Şəfaət İmranovun rəhbərliyi ilə baş verib. Buna görə də, həmin iş üzrə yenilənmiş istintaqın obyektiv gedişinin təmin edilməsi üçün biz sizi istefa verməyə dəvət edirik".

Bəyanatın səsləndirildikdən sonra Hərbi Prokurorluğun əməkdaşı aksiya iştirakçılarından ərizələri toplayıb. Aksiya ilə bağlı mediaya heç bir açıqlama verilməyib.

Aksiya zamanı polis müdaxiləsi olmayıb. Polislərin müşayiəti ilə iştirakçılar ərazidən uzaqlaşdırılıb.

Qeyd edək ki, 2021-ci ilin dekabrında günahsız zərərçəkənlərin və məhkumların yaxınlarının çoxsaylı etirazları səbəbindən "Tərtər işi" üzrə istintaq yenidən başlayıb.

Bu ilin aprel ayına kimi müstəntiqlər hərbi hissələrdə işgəncələrə məruz qalan 397 nəfəri zərərçəkmiş kimi tanıyıb. Eyni zamanda, əsassız olaraq mühakimə edilmiş 16 nəfərin barəsində hökm ləğv edilib.

10 nəfər isə Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə; amansız, qeyri-insani və ya ləyaqəti alçaltma), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2. 3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələrilə ittiham olunaraq həbs edilib.