Tale Bağırzadəyə: "Sizi çox gözləmişəm!"

Tale Bağırzadəyə: "Sizi çox gözləmişəm!"

Bu gün Müsəlman Birliyi Hərəkatının sədri, siyasi məhbus Tale Bağırzadənin mübarək mpvlud günüdür.

Bu münsibətlə keçmiş siyasi məhbus, Müsəlman Birliyi Hərəkatının Mətbuat Xidmətinin rəhbəri Əbülfəz Bünyadovun dostuna, əqidə yoldaşına yazdığı təbrik məktubunu VETENUGRUNDA.AZ-ın oxucularına təqdim edirik:

"Ad günün mübarək azad insan!

Bu tarix bir gün böyük dostluğun təməli olacağını o gün heç təsəvvür etməzdim. Lakin həyat məhz o isti iyul günəşinin yandırıcı şölələri altında bizi qarşılaşdırdı.

2012-ci ilin yayı altı aylıq təcridxana həyatımdan sonra həbsxanaya köçürülmək üçün "varanoka" mindim. Maşında məndən başqa da köçürülən məhbuslar var idi. Yol üstü onları müxtəlif həbsxanalara düşürüb sonunda 16 saylı Ramana həbsxanasına tək gəldim. Maşın böyük darvazadan həyətə daxil olub qapı bağlanmayınca "varanokun" qapısı açılmadı. Nəhayət böyük çığır-bağırdan sonra qapı açıldı. Maşından ona yaxın nəzarətçi əhatəsində yerə endim. Üzümə dikilən nifrətli baxışlardan diqqətimi ayırıb ətrafa baxdım. Qarşı tərəfdə iki mərtəbəli köhnə bina görünsə də mənimlə danışan nəzarətçi mənə əks tərəfə, karantin otağına getməmi istədi. Addım atmaq istəyirdim ki, doğma bir səs aləmi bir-birinə vurdu: "Mənim əziz qardaşımı xoş gördüm. Əzizim Hacı" deyən gözü eynəkli bir şəxs həmən iki mərtəbəli köhnə binanın birinci mərtəbəsinin ara kəsməsindən mənə tərəf gülər üzlə, iki əllərini açmış vəziyyətdə gəlməyə başladı. Düzü bu qarşılaşdığım ilk gülər üz ruhumda bir inam yaratsa da, onu tanımadığıma əmin idim. Əlavə olaraq nəzarətçilərin "Olmaz! Hacı, o karantinə getməlidir. Qanunu pozma. Sən onunla görüşə bilməzsən" deməsinə baxmayaraq o iti bir addım, mətin bir iradə ilə "Siz nə danışırız? Mənim qardaşım gəlib mən onunla görüşməməyim mümkündürmü?" deyib, bütün baryerləri yıxaraq mənə yaxınlaşdı. Etirazlara məhəl qoymadan düz önümdə dayandı. Təbəssümü gülüşlə əvəzlənib məni doğma qardaş kimi bağrına basdı və çox astaca qulağıma "Hacı sizi çox gözləmişəm. Xoş gəldiz" dedi.

Bu bizim Hacı Tale Bağırzadə ilə tanışlığımız və dostluğumuzun ilk təməli oldu. İllərcə onun haqqında o qədər qeyri adiliklərin şahidi olmuşam ki, bir kitab bağlasam gördüklərimə yetməz. Bu gün o gözəl günün həyatıma əbədi məşəl yandırdığı ildən səkkiz il, onun ad gününə təbrik sevincimi paylaşmamın yeddinci ilindəyəm. Əzizim Hacı, Sənə sənin üçün müqəddəs amal olan haqq və ədalət yolunda əbədi və əzəli mübarizədə qalibiyyət və uğur diləyirəm. Ad günün mübarək azad insan!"