Tofiq Yaqublu təzyiq altında saxlanılır

Tofiq Yaqublu təzyiq altında saxlanılır

Nigar Həzi: Tofiq Yaqublu psixoloji-mənəvi təzyiq altında saxlanılır

Müsavat Partiyasının və Milli Şuranın həbsdə olan fəalı Tofiq Yaqublunun psixoloji-mənəvi təzyiq altında saxlandığı bildirilir. Bu barədə danışan qızı Nigar Həzi bildirib ki, virusdan qorunmaqdan ötrü, hətta maska və əlcəyi də ona çatdırmağa imkan vermirlər.

N.Həzinin sözlərinə görə, atasına geyim və başqa zəruri gigiyenik vasitələrin çatdırılmasına qadağa davam edir. Onun zəruri məhsulları təcirdxananın daxilindəki köşkdən ala bilməsi üçün pul da göndərə bilmirlər:

"Ona verilən maska və əlcəyi belə, çatdırmayıblar.

Başqa dustaqlara poçtla pul göndərmək mümkündür. Bizdən bu yolla da götürmədilər. Mayın 7-də gedib, dərmanları verdim, bir də hesabına pul qoydum. Pul təcridxanadakı ticarət köçkündə dustağın hesabına qoyulur, alış-veriş etdikcə, oradan çıxılır. Mayın 9-da zəng elədi, məlum oldu ki. dərmanları çatdırıblar. Amma pulu deyəndə təəccübləndi. Bildirdi ki, ona bu barədə məlumat verməyiblər".

N.Həzi deyir ki, atası növbəti dəfə telefon əlaqəsi saxlayanda pulun ona çatıb-çatmadığını dəqiqləşdirə biləcək. T.Yaqublunun ayrı-seçkiliyə məruz qaldığını vurğulayan qızının sözlərinə görə, ən adi məsələlərdə belə ona əngəllər yaradırlar: “Günahsız həbs eləməklə kifayətlənmirlər, bu cür qeyri-insani davranışlarla əlavə əziyyət verirlər”. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə bildirir ki, bu qurumun tabeliyindəki həbs yerlərində saxlanılan bütün şəxslərə eyni münasibət göstərilir.

COVİD-19 (koronavirus) pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində martın 6-dan həbs yerlərinə sovqat çatdırılmasına və görüşlərə qadağa qoyulub. Tofiq Yaqublu martın 22-də həbs olunub. Ona qarşı CM-nin 221.3 (silah və ya silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsilə ittiham irəli sürülüb. İddia olunur ki, T.Yaqublu avtomobili ilə qəza törədib, daha sonra o biri maşında olan ər-arvadı – Elxan və Cəvahir Cəbrayılovları döyüb, xəsarət yetirib. T.Yaqublu ittihamın saxta olduğunu bəyan edib. (meydan tv)