Tofiq Yaqublunun MƏHKƏMƏ ÇIXIŞI: "Mən erməni əsirinə su verib, yarasını sarımışam"

Tofiq Yaqublunun MƏHKƏMƏ ÇIXIŞI: "Mən erməni əsirinə su verib, yarasını sarımışam"

Bu gün (3 sentyabr) Qarabağ qazisi, Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqubluya hökm oxundu.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Nizami Rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə Tofiq Yaqubluya 4 il 3 ay ciddi rejimli həbs cəzası verilib. Sentyabrın 2-də prokuror Əsədulla Ramazanov 4 il 5 ay ciddi rejimli həbs cəzası tələb etmişdi. 

Tofiq Yaqublunun son sözünü təqdim edirik:

"Mən məhkəmədə ifadə verməkdən imtina etməmişəm. Sadəcə, demişəm ki, indiki mərhələdə ifadə vermirəm, sonra ifadə verəcəm. Bu məhkəmədə çoxlu pozuntular olub. Bir pozuntu da odur ki, nə vəkillərimə çıxış eləmək, nə də özümə ifadə vermək imkanı yaratdınız. Bilirəm ki, hökm hazırdır, azadlıqdan məhrum ediləcəm.

Mən azadlıqdan məhrum olduğum illəri, ayları, günləri Azərbaycan xalqının milli lideri, çox sevdiyim böyük şəxsiyyət, millət atası, Əliyevlərin də nifrət etdiyi Məhəmməd Əmin Rəsulzadəyə ithaf edirəm.

Xatırlayırsınızsa, ötən il Daxili İşlər Nazirliyi ilə Baş Prokurorluğun birgə açıqlaması vardı. Daxili İşlər nazirinin birinci müavini və Baş prokurorun birinci müavini məni dəvət edib hədələmişdilər ki, “siyasi fəaliyyətini davam eləsən, ölkə başçısını tənqid eləsən, yenidən həbs olunacaqsan”. Həmin bəyanat da mətbuatda yayılıb. Ondan sonra 19 oktyabrda həbs olundum. Təcridxanaya “bandotdel”in əməkdaşı gəlib dedi ki, “bu, sənin üçün son şansdır, siyasi fəaliyyətini dayandırmalısan, Milli Şuradan çıxmalısan, əks halda, həbs olunacaqsan”.

Hakim: “Mahiyyəti üzrə danış…”

Mən elə mahiyyəti üzrə danışıram. Mən niyə həbs olunduğumu göstərməliyəm. Məni dəfələrlə şərləyib, həm inzibati qaydada, həm də cinayət işilə həbs ediblər. Bu qədər şərləmək olmaz. O ittihamların nə qədər sizlərə aidiyyəti olubsa, o qədər də mənə aidiyyəti var. Bu dəfə bir ilk oldu. Məndən əvvəl bu maddə ilə Qənimət Zahid, Seymur Həzi, Məmməd İbrahim şərlənərək həbs olunub.

Bu iş Azərbaycan tarixində həm də ona görə bir ilkdir ki, bir ailə şərləmədə iştirak edir. Əvvəllər də kimlərisə şərləyiblər, üzünə kimlərisə qoyublar. Bu işdə isə ailə podratıdır. Bilmirəm ki, bu pis yola ər arvadını çəkib, yoxsa arvad ərini…

Hakim: “Mahiyyəti üzrə danış…”

Mən elə mahiyyəti üzrə danışıram. Elxan Cəbrayılov polisin ştatlı, möhürlü üzəduranıdır. Siz burada dəqiqədə “Cinayət Prosessual Məcəlləsinin filan maddəsi” deyirsiz. Bir də xatırladım. Siz hakim-zad deyilsiz. Sifariş İlham Əliyevdən gəlib, nə deyilsə, onu da elan edəcəksiz. Deyirsiniz ki, əsəbidir, burada hündürdən danışır. Mənim ilk dəfə sifarişlə cinayət məsuliyyətimə indi bu Nizami rayon Məhkəməsinin sədri olan Ələddin Cəfərov səbəbkar olub – 1998-ci ildə 12 sentyabr hadisələrinə görə.

Çox mədəni, sakit, səsimin tonunu dəyişmirdim. Düşünürdüm ki, burada nə var, məhkəmə gedir, görünəcək, bilinəcək, azad ediləcəm. Sonra başqa məhkəmə, bir başqa məhkəmə… Əslində, mən bu gün əsəbi olmasam, siz təəccüblənərsiniz ki, bu qədər baş verənlərdən sonra bu necə soyuqqanlı, sakit danışır? Adamı nə qədər şərləyərlər? Nə qədər böhtan atarlar? Nə qədər həbs edərlər? Nə qədər işgəncə verərlər? Ona görə də mənim əsəbi olmağım, hündürdən danışmağım təbiidir.

Mən tam məsuliyyətlə deyirəm, o istintaqdakı ittihama, dırnaqarası zərərçəkmişlərin, şahidlərin dediklərinə inanmaq üçün əvvəlcə gərək adam özünün uzunqulaq olduğunu etiraf eləsin, bir dəfə anqırsın. Əks təqdirdə, heç bir normal adam bu cür cəfəngiyyata inanmaz. Mümkün deyil.

Bu cinayət əvvəldən təşkil olunmuşdu. Hadisədən iki-üç gün əvvəl də oxşar təxribat eləmişdilər, alınmadı, bunu elədilər. Dindirmə zamanı da Elxan Cəbrayılovdan hansı yoldan gəldiyini soruşanda mənə dedi ki, sən də o yolla gəlirdin də. Bu özü də bilmədən etiraf etdi ki, məni izləyirmiş. Burada mən suçsuzluğumu sübut eləyəsi deyiləm. Siz bir az ləyaqətiniz olduğunu sübut eləməli idiniz. Eləyə bilmədiniz, eləmədiniz. Mən həqiqətən bu cinayəti eləmiş olsaydım, Ramiz Mehdiyevin nəvəsinin toyunu necə ki bütün aləmə göstərirlər…

Hakim: “Mahiyyəti üzrə danışın…”

Mahiyyəti üzrə danışıram. Burada mahiyyəti üzrə olmayan sizsiniz.

Mən o cinayəti törətmiş olsaydım, telekanalizasiyalar səhərdən-axşama qədər göstərərdi. Onmilyonlarla xərc çəkirlər, təhlükəsiz şəhər kameraları, radarlar quraşdırırlar. Niyə görüntüləri tapıb göstərmirlər? Videonu mən tələb edirəm. Qoyun da ortaya. Bunlar mənim maşınım park halında ola-ola vurublar ki, hiddətlənim, düşüm, münaqişə yaransın. Ona görə həyasızca gözləyiblər, park halında maşını vurublar. Əgər mən maşından düşsəydim, bunların əvvəldən planlaşdırdığı mənzərə avtomatik alınacaqdı, çəkəcəkdilər. Əməliyyatçılar da, polisin əlaltıları da əvvəldən buna görə ora gəlmişdilər. Mən maşından düşmədim deyə, bu plan alınmadı. Deyirlər ki, guya mən maşından düşmüşəm, Elxan Cəbrayılovu söymüşəm, vurmuşam. Əgər mən Elxan Cəbrayılovu söymüşəmsə, o söyüşlər on qat mənə, ailə üzvlərimə gəlsin. Əgər söyməmişəmsə, o ehtimal olunan söyüşlər on qat bu cinayəti sifariş edənlərə, icra edənlərə, onların ailələrinə gəlsin.

Hakim: “Mahiyyəti üzrə danışın, xəbərdarlıq elan edirəm”.

Mahiyyəti üzrə danışıram. Sənin cürətin çatmır həqiqətləri eşitməyə.

Mənim müharibə gündəliklərim var. Azərbaycan ordusunda yeganə əsgər olmuşam ki, döyüşə-döyüşə gündəlik yazmışam. İki dəfə rəsmən Milli Qəhrəmanlığa təqdim olunmuşam. Mən erməni qadını, yaralını əsir götürmüşəm, amma güldən ağır söz deməmişəm. Yemək, su vermişəm, yarasını sarımışam.

İndi mənə deyirlər ki, guya kimisə söymüsən, döymüşən. İndi erməni əsirliyində olan Şahbazla Dilqəmin daha çox müdafiə hüququ var, nəinki mənim. Bu cinayət işində nə qədər yalanlar var.

Mənim 60 yaşım var, nə siqaret çəkirəm, nə spirtli içki içirəm. Atam uşaqlıqdan qardaşıma və mənə siqaret çəkməyi, içkini, söyüşü qadağan edib. Söz vermişik və əməl etmişik. O qədər yalanlar quraşdırıblar…

Müstəntiq nə qədər yalanlar yazıb. Əsas yalan nəyin üstündə qurulub? Saatı irəli çəkiblər. Desinlər ki, söymüsən, döymüsən, sonra gəlib status yazmısan. Bütün şahidlər hamısı standart deyir ki, saat 15.00 radələrində. İki aydan sonra dindirilən şahidlər var, üç həftədən sonra dindirilən şahidlər var. Hamısı eyni sözü deyirlər. Mən evdən saat 15.00-a 1-2 dəqiqə qalmış çıxmışam. Biz bazara gedəsiydik, oradan qızımızın məzarını ziyarət edəsiydik, axşam da gəlib nəvəmizlə danışmalıydıq.

Təxminən 3-ə 5 dəqiqə qalmış yoldaşım dedi ki, çıxaq. Hər şeyi saxtalaşdırırlar. Siz kriminalistika, məntiq keçmisiz. Saat 15-də vurmuşam, söymüşəm, otvyorka ilə deşmişəm, sonra da gəlib polisə zəng eləmişəm ki, gəlin məni tutun? Mən o cinayəti eləmişdimsə, polisə niyə xəbər verirdim? Başımın da üstündə kamera var. Təsəvvür edin, Tofiq Yaqublu deyir, mən maşından düşməmişəm, sonra da onun maşından düşdüyü, dalaşdığı yerdə videosunu yayırlar.

Mən bunu özümə sığışdırmaram axı. Mən İlham Əliyevəm ki, camaatın üzünə qırmızı-qırmızı yalan danışım? Mən bilirəm ki, hərənin əlində bir telefon, təhlükəsizlik kameraları, mən necə yalan danışardım.

Hadisə yerinə baxış protokolunda yazırlar ki, guya mən orada iştirak eləmişəm, amma imzalamaqdan imtina eləmişəm. Bu qədər yalan, bu qədər həyasızlıq olmaz. Axı mən orada olmamışam.

Deyir ki, guya bunu başının ortasından vurmuşam. Elə təsvir edir ki, sanki bostana girmiş donuz kimi döymüşəm onu, huşunu itirib, müvazinətini itirib. Otvyorka ilə onu o vaxt vurardım ki, gücüm çatmazdı, vurardım. Əgər mən bunu vurub nokaut eləmişdimsə, daha niyə yenidən otvyorka ilə vururdum? İndiyə qədər biz müxalifətçiləri, məni dəfələrlə döyüblər, şil-küt eləyiblər. Vəkilim də keçən dəfə inzibati həbsdə olanda gəlib məni o vəziyyətdə görmüşdü. Ekspertiza yazırdı ki, heç bir xəsarət aşkar olunmadı. Amma bunun haqqında elə yazıblar, sanki üstündən Kamaz keçib. Bu qədər yalanları necə rahat danışırsız?

Burada Elxana da sual verdim ki, mən səni vurandan sonra yaranı açıb kiməsə göstərdin? Qayıtdı ki, “yox, camaatın içində yaramı açıb kiməsə göstərəsi deyildim ki. Polis idarəsində göstərdim”. Amma bura gətirilən bütün polislər burada deyir ki, onun sinəsində sıyrıq gördük. Əgər adam sinəsini açmadığını deyirsə, yun paltarın altından necə görə bilərdilər? Deyirlər ki, yol bağlanmışdı, polislər gəlib açıb.

Necə ola bilər ki, “8-ci kilometr bazarı”nın qarşısında yol 30-40 dəqiqə bağlı qalsın? Bu müddətdə orada yol bağlı olsa, aləm dəyər bir-birinə.

Orada saatda 10-dan artıq sürət olmur. Biz Marsdan gəlməmişik ki, hamımız o bazarın qarşısındakı vəziyyəti bilirik. Yəqin siz də bilirsiz. Amma yox, sizin pulunuz çoxdur, elə yerlərdən bazarlıq eləməzsiniz.

Bilirsiz məni hadisə yerinə baxışa niyə gətirmədilər? Oradakı insanlar bu həyasızlıqdan, bu nakişilikdən o qədər qəzəbli idi ki, bunlar fikirləşiblər, məni aparsalar, adamlar gəlib məni görəcək, necə şərləndiyim barədə düzünü danışacaq, bunlar biabır olacaqlar.

Elxan Cəbrayılov o boyda adamdı, mən onu otvyorka ilə necə vura bilərdim? Heç cür təsəvvür etmək mümkün deyil. Gah başına vururam, gah otvyorkalayıram. Özünüzü buna inanmış kimi göstərəndə heç özünüzdən utanırsız? Ən gülməlisi budur ki, o boyda biri otvyorkanı mənim əlimdən ala bilməyib, amma Cəvahir alıb. Jaketinin üstündə iki deşik açıblar, bəlkə də siqaretlə. Necə ola bilər, ona o qədər otvyorka zərbəsi dəyib, amma bədəni deşilməyib?

Özünüzə, oxuduğunuz illərə, sizə dərs deyən müəllimlərə hörmətiniz olsun. Kriminalistika, məntiq keçmisiz. Cavahirin qapı ilə vurulmasına keçirəm. Bilinmədi ki, daldan vurulub, qabaqdan vurulub. Deyir ki, qapını bağlayanda çiyninə dəyib.

Aldığınız rüşvətlərlə çoxlu maşınlar almısınız. Bir təsəvvür edin görək, mən oturmuşam maşında. Qapı onun sağ çiyninə necə dəyə bilər?

Mən maşında oturduğum yerdə birdən gördüm ki, başqa bir maşın sürtüb keçdi. O videolar sizdə var, özünüz də baxmısız, yaxşı bilirsiz. Buna başqa cür demişdilər, bu isə barıtı çox eləmişdi, möhkəm gəlib elə sürtdü ki… Baxdım səs gəlir, elə bildim gəlib ki, “üzrlü say”. Baxdım ki, yox, məni söyür. Küçə söyüşlərilə. O söyüşləri bayaq göndərdim, haqq edənlər qəbul eləsin. Mən dərhal başa düşdüm ki, təxribatdır. Çünki park halında məni vurub, hələ üstəlik də söyür. İki-üç gün əvvəl də bənzər hadisə olmuşdu. Tez maşının qapısını kilidlədim, şüşəni qaldırdım. Mən çəkməyə başladım. Mən gərək o çəkilişi dərhal kiməsə göndərəydim. Düşünmədim ki, dövlət adına bu boyda şərəfsizliyə, binamusluğa gedərlər. Düşündüm ki, gedəcəm, göstərəcəm, deyəcəklər ki, qəzadır da, olub. Ardınca da oturub bir status yazdım “Facebook”da. Söyürdülər ki, düşüm, dava vəziyyəti alınsın. Düz kameranın altı idi. Çəkib göstərsinlər.

Mən düşmədim, ta o vaxta qədər ki, yol polisi Malik Manafov gəldi. Getdim yanına, sənədləri istədi. Aparıb verdim. Foto yayılıb, orada görünür ki, mən video çəkirəm. Bəs hara getdi o video, niyə yoxdur?

Mənim nəvəmin – Nərgiz Yaqublunun yadigarının videolarını da siliblər, şərəfsizlər.

Deyirlər ki, otvyorkanın dəstəyində qan ləkələri olub. Cızılmadan necə dəstək qan oldu? Gərək bunun bədənindən qan fışqıraydı ki, otvyorka qan olaydı. Yalan uyduranda da məntiqli uydurmaq lazımdır.

25-30 dəqiqə döymək hardan çıxdı? Taysonun əlini-qolunu bağlayıb qoyun ora, beş dəqiqə döyəndən sonra görün nə günə düşür? Adamı yarım saat döymək olar? Bu Kaşşey-zaddı? Bizi üzləşdirəndə yaxasını açdı, qırmızı flomasterlə nazik, maili xətt çəkilmişdi.

Vəziyyəti ağırlaşdırmaq üçün otvyorka məsələsini əlavə eləyiblər. Otvyorka məsələsi Ramiz Mehdiyev, Gülər Əhmədova və Sevinc Babayevaya aid məsələdir. Belə çıxır ki, Ramiz Mehdiyev pul olan diplomatı mişarla açsaydı, mənə mişarla ittiham verəcəkdilər? Kəlbətinlə açsaydı, deyəcəkdilər ki, kəlbətinlə xəsarət yetirmişəm?

Bunu yazan müstəntiq ola bilməz, zırramadır. Məntiqiniz varsa, qoyun ortaya. Hərçənd düşünürəm ki, məntiq var, çatışmayan ləyaqətdir. O maşını mənə İlham Əliyev hədiyyə edib.

Sizin kimi hakimlərin ucbatından Avropa Məhkəməsində dövləti cərimələdilər, qanunsuz həbsimə görə ödənilən kompensasiyaya o maşını aldım.

Mən Zil sürürəm, yoxsa Kamaz sürücüsüyəm, maşının salonunda otvyorka nə gəzir? Bu günə qədər benzin və antiferisdən başqa heç nə tökməmişəm, harasınısa açmamışam.

Deyirlər ki, otvyorkanı arxa cibimdən çıxarmışam. Mən otura-otura otvyorka arxa cibimdə necə ola bilərdi?

Kameralar nədən ötrüdür? Sabah burada bir dava olsa, siz kameranı qoyub, şahidləri dinləyəcəksiz? Niyə qoymadılar ortaya? Kameraları sağa-sola düzüblər.

Onlar ancaq müxalifətçiləri, onların yatağını güdmək üçün lazımdır?

Mən müstəntiqə ifadə verməmişəm. Demişəm ki, nə varsa, çəkmişəm, telefonda var. Əvvəl elə bilirdim tək mənim telefonumu alıblar. Sən demə yoldaşımın da telefonunu tutub alıblar. Küçənin ortasında quldur kimi tökülüşüb zorla telefonunu alıblar. Evinizə oğru girsə, kameraya baxmayacaqsız?

Kameranın təyinatı nədən ötrüdür? Kamera qalıb orada, üzdəniraqları tutub gətirirlər bura, üzümə qoymağa.

Özümə necə əminəm ki, o görüntüləri tələb edirəm. Bu cinayətkarlar isə o sübutları silməklə məşğuldular. Buna istintaq demək olar? Sizə hakim, prokuror demək olar?

Telefona iki aydan sonra baxış keçirirlər. Bu, hansı ağla, hansı məntiqə sığır? Telefona niyə dərhal baxılmadı? Videoregistratoru niyə sildilər? Üzdəniraqların dedikləri sübut olur, amma bu cihazların çəkdikləri yox.

Martın 27-də mənim telefonumdan kim mesaj göndərib? Mənim şəxsi yazışmalarım olub orada. Niyə o quldurlar, mənəviyyatsızlar, şərəfsizlər görməliydi, mənim şəxsi həyatıma aid məlumatları? Niyə araşdırılmadı bu cinayət?

İstintaq obyektiv idisə, ilk gündən mənim telefonumu alanda, Cəbrayılovların telefonunu niyə almadılar?

Dörd gün mənə icazə vermədilər ki, ailə üzvlərimlə əlaqə saxlayım.

Müstəntiq cinayətkar, yaramaz bütün kameralara baxıb. Maya xanıma da bunu deyib. Əməliyyatçıların çəkdiklərinə də, təhlükəsiz şəhər kameralarına da. Sonra da bunları siliblər.

İlham Əliyev bir Tofiq Yaqublunu həbs etdirməkdən ötrü nə qədər polisi cinayətə bulaşdırıb?

Bir siyasi hikkəyə görə bu qədər adamı qurban verib. Hamınız cavab verəcəksiz. Şəxsən siz də. 80 yaşında gedib orada yatmaq daha ağır olacaq sizə. Hələ necə qalacaqsız, o da başqa məsələ.

Hadisənin sxeminə baxanda xəcalət çəkdinizmi?

Bu işə inanmaq üçün adam gərək Fəvvarələr meydanında qışqırsın ki, “mən uzunqulağam”.

Camaat təəccüblənmişdi ki, bu qədər həyasızlıq olar? Oradakı adamlardan biri mənə gəlib dedi ki, maşının sürücüsü kiməsə zəng eləyib dedi ki, “bu, maşından düşmədi”. Mən əvvəl maşının içindən çəkmişdim, sonra yol polisi Malik Manafov gələndə düşüb yerdən də çəkdim. O görüntüləri də siliblər şərəfsizlər. Düşəndən sonra da üstümə şığıdı pozğunlar. Hadisə belə olub.

Ayağı suyun içində ölkəni qoruyan, düşməni öldürən Tofiq Yaqublunu gör siz kimlərin əli ilə şərləyirsiz. Utanmırsız?

İstintaq yazır ki, otvyorkada barmaq izlərini aşkar etmək mümkün olmadı. Niyə? Bunlar cinayətkarlıqla mübarizəni belə aparırlar? Hadisənin üstündən on dəqiqə keçməyib otvyorka götürüləndə – bunların dediyinə görə. Evə quldur basqın eləyəndə bundan sonra neyləməliyəm? Polisə necə etibar eləyim? Ciddi soruşuram. İnsanlar dövləti ona görə qurublar ki, dövlət onları qorusun, hüquqlarını müdafiə eləsin. Bizi isə dövlət adından şərləyirlər. Özü də bu dövləti qoruyan adamları.

Biz bu dövləti qoruyanda İlham Əliyev kazinoda qumar oynayırdı.

Hakim: “İkinci dəfə xəbərdarlıq edirəm”.

Məni Nizami rayon Polis İdarəsi tutub. Bu prosesdə Nizami rayon prokurorluğu iştirak edib. Məhkəmə də bu işi davam etdirir. Bu rayon vaxtilə Şaumyanın adını daşıyıb. Siz də şaumyanların davamçılarısız.

Hakim: “Xəbərdarlıq edirəm, mahiyyəti üzrə danışın”.

Mən elə mahiyyəti üzrə danışıram. Xəbərdarlığı hakim eləyər, sən hakim deyilsən.

Bu məhkəmədə legitim olan vəkillərdir, bir də Sürəyya xanım (katib). Bu gündən aclıq eləyirəm, bunu da bilsin hamı. Nə təqsirləndirilən təqsirləndiriləndir bura, nə zərərçəkmiş zərərçəkmişdir, nə hakim hakimdir, nə də prokuror prokurordur. Deyirsiz mahiyyəti üzrə danış. Olmayan şeydən mən necə danışım?

Mən sizə sübut eləməliyəm ki, Marsda olmuşam? Videoları götürüb baxın da. Biz ona görə demokratiya istəyirik ki, hüquq, məhkəmə, müdafiə hüququ olsun, istədiyinizi asıb-kəsə bilməyəsiz.

Mən neyləmişəm, kasıb adamam, bazarlıq eləməyə getmişdim.

Mən aclığa başlamışam, çox enerji sərf eləmək istəmirəm. Mən qələbəyə qədər gedəcəm. Ölərəm vətən yolunda, amma cinayətkar rejim, Əliyevlər rejimi getməlidir. Azərbaycanda hüquqi dövlət qurulmalıdır. Mənəviyyatsız adamlar rədd olmalıdır.

Mən suçsuzam, cinayətkar sizsiz, İlham Əliyevdir, Ramiz Mehdiyevdir… Hakim bu yerdə T.Yaqublunun çıxışını dayandıraraq müşavirəyə gedib. (azadliq.info)