Tofiq Yaqublunun vəziyyəti ağırlaşıb, bayılıb

Tofiq Yaqublunun vəziyyəti ağırlaşıb, bayılıb
Qarabağ qazisi, Müsavat Partiyasının və Milli Şuranın fəalı Tofiq Yaqublu bu gün ailəsi ilə görüşüb. Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu barədə onu qızı Nigar Həzi sosial şəbəkədə məlumat verib: "İndicə atayla görüşdük. Çox pisdir halı. Bütün sümüklərinin sızıldadığını və güclə yeridiyini bildirdi. Görüşə gələndə səndərləyə-səndərləyə gəlirdi. Dəhşət baş ağrılarının və başgicəllənmələrinin olduğunu bildirdi. Dedi ki: "Ayağa güclə qalxıram. İndi görüşə gələndə qolumdan tuta-tuta gətirdilər. Gəlib mənə deyirlər ki, pandemiyaya görə görüşə gələnləri bir-bir buraxırıq. Mən bilirdim ki, siz saat 10-un yarısından buradasınız. Ona görə də güclə olsa da ayağa durub, məni çağıracaqlarını gözlədim. 30 dəq ayaqüstə gözlədim. Ancaq məni görüşə çıxarmırdılar. Qapını yumruqla bərk-bərk döyməyə başladım. Birdən huşumu itirdim. Çarpayının üstə yıxıldım. Həkim gəlib tez müayinə etdi. Bir müddət keçəndən sonra özümə gəldim. Təzyiqim 60-90 idi. Artıq sürətlə zəifləyirəm. Hər gün azı 700q çəki itirirəm. Aclığın 9-cu günü olsa da özümü 15-ci günündəki kimi hiss edirəm. Ancaq iradəm möhkəmdir. Bu işin zarafatı yox. Buradan mən ya AZADLIĞA çıxacam, ya da ki, buradan mənim meyidim çıxacaq! Mənim həbsimə etiraz olaraq aksiyada iştirak edən hər kəsə təşəkkürümü bildirirəm. "Ona dəstək olan hər kəsə minnətdarlığını bildirməmi istədi". YADDAŞ T.Yaqublu martın 22-dən həbsdədir. Nizami rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Əsədulla Ramazanov Tofiq Yaqubluya 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası istıyib. Sentyabrın 3-də onun 4 il 3 ay azadlıqdan məhrum edilməsi və ciddi rejimli şəraitdə həbsini çəkməsi barədə hökm çıxarılıb. T.Yaqublu CM-in 221.3 (silah və ya silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsilə təqsirli bilinib. İddia olunur ki, T.Yaqublu avtomobili ilə qəza törədib, daha sonra o biri maşında olan ər-arvadı – Elxan və Cəvahir Cəbrayılovları döyüb, xəsarət yetirib. T.Yaqublu ittihamın saxta olduğunu bəyan edib. O bildirib ki, “8-ci kilometr bazarı”nın qarşısında park olunmuş maşınında əyləşib bazardan qayıdacaq həyat yoldaşını gözlədiyi vaxt maşını qəsdən vurulub. Daha sonra maşını vuran sürücü Elxan Cəbrayılov və yanında olan Cəvahir Cəbrayılova ona hücum edib. Həmin vaxt anlayıb ki, bu təxribatdır. T.Yaqublu bundan öncə də 2014-cü ildə İsmayıllı hadisələrinə görə həbs olunmuş, 2016-cı ilin martında azadlığa çıxmışdı. O, Milli Şuranın ötən il oktyabrın 19-da keçirdiyi mitinqdə də 30 günlük inzibati həbs cəzası almışdı. Sonuncu həbs zamanı T.Yaqublu ağır işgəncələrə məruz qaldığını bildirmişdi. Ailə üzvlərinin sözlərinə görə, həmin işgəncələr nəticəsində T.Yaqublunun səhhətində fəsadlar yaranıb.