Torpaqlarımızın azadlığı ilahi töfhədir

Torpaqlarımızın azadlığı ilahi töfhədir

Azərbaycan İslam Partiyasının (AİP) sədri, hazırda həbsdə olan ilahiyyatçı alimimiz Hacı Mövsüm Səmədov işğal altında olan torpaqlarımızın azadlığı və qələbəmizlə bağlı öz təəssüratlarını bölüşüb. 

Vetenugrunda.az onun məktubunu olduğu kimi təqdim edir:

"Bismillahir Rəhmanir Rəhim

Şükürlər olsun ki, bu yaxın günlərdə şanlı ordumuzun və cəsur əsgərlərimizin əlilə torpaqlarımızın yağı düşmənlərdən azad olmasını görmək bizə nəsib oldu! Bu - böyük İlahi bir töfhədir! Əslində bu qələbə, hansısa dövlətlərin və yaxud beynəlxalq təşkilatların apardığı siyasi danışıqlar və müzakirələrin nəticəsi deyil, bəlkə sırf xalqımızın ayıqlığı, xususən də, Polad Həşimov və onun igid dostları kimi şəhidlərin şəhadətinin bərəkəti və bundan qəzəblənmiş Azərbaycan xalqının səhnəyə qəlməsi və öz etirazını bildirməsinin nəticəsi idi.

Xalqımız səhnəyə çıxmasaydı, özünün bu müharibəyə hazır olduğunu göstərməsəydi və öz vəzifəsini yenə beynəlxalq təşkilatların ümidinə buraxsaydı, təbii ki, bu torpaqların azad olması yenə də uzanacaqdı.

Lakin, Allah-Təalaya həmd olsun ki, bu mübarək Şəhadətlər bir fürsətə çevirildi və Azərbaycan xalqı öz ordusunu bacardığı hər bir vasitəylə dəstəklədi, canı və qəlbilə cəsur əsgərlərimizin yanında oldu, nəticədə də illərlə işğal altında olan torpaqlarımız azad olundu.

Düzdür, bu məsələdə narahat edici nüanslar da var. Belə ki, xalqımızın fədakarlığı ilə 30 il bundan qabaqkı sərhədlərimizi bərpa edə bilsək də, Qarabağın statusunun tam müəyyən olunmaması, Laçın koridorunun yaranması, Rusiyanın "sülhməramlı" adlanan qoşunlarının Azərbaycana gəlməsi heç vəchlə bizi qane edə bilməz.

Şanlı ordumuz müharibəni davam etdirsəydi, yəqin ki, Xankəndi də Azərbaycanın tərkibinə qatılacaqdı və heç bir sülhməramlı qoşunun ölkə daxilinə yeridilməsinə ehtiyac qalmayacaqdı. Bu problem birdəfəlik və birmənalı olaraq sona çatacaqdı. Təəssüflər olsun ki, bu cür olmadı və biz öz istədiyimizi tam şəkildə əldə edə bilmədik.

Erməni xalqının Azərbaycan torpaqlarında məskunlaşmasına gəlincə isə, deməliyəm ki, bu, xalqımızın tolerantlığının göstəricisidir. Onlar günü bu gün də digər xalqlarla bərabər burada yaşamaqdadırlar. Amma bunun rəsmi şəkildə həyata keçməsi, sırf Azərbaycan dövlətinin bayrağı altında və dövlətçiliyimizin qəbul olunması şərti ilə formalaşmalı idi və bu məsələdə heç bir güzəştə yol vermək düzgün deyildi.

Dövlətimiz bunu edə bilərdi, çünki beynəlxalq ictimaiyyət bizim tərəfmizdə idi. Amma təəssüf yeridir ki, bu məsələ, tam öz həllini tapmadı. Ümüd edirəm ki, Azərbaycan xalqı Qarabağ məsələsini bu gedişatla bitmiş hesab etməyəcək, torpaqlarımızın tam azad olunması yolunda fəaliyyətini davam etdirəcək və hamımız digər rayonlarda olduğu kimi, Azərbaycan bayrağının dalğalanmasını Xankədidə də görəcəyik və bütün Qarabağ ərazisi heç bir sülhməramlı qoşuna ehtiyac olmadan Azərbaycan dövləti tərəfindən idarə ediləcək, Allahın lütfü sayəsində, Azərbaycan xalqının tam səlahiyyəti altında qərar tutacaq, inşəAllah.

Biz heç zaman unutmamalıyıq ki, Qarabağın alınmasına və bu qələbənin əldə edilməsinə sırf Azərbaycan xalqının oyaqlığı və Allah-Təalanın lütfü səbəb oldu! Bu onu göstərir ki, xalqımızın öz torpaqlarını düşməndən qorumağa güdrəti çatır və bunu bir daha bizim mücahid əsgərlərimiz sübut etdi! Mən şəhidlərimizin ailələrini salamlayır və onlara başsağlığı ərz edib səbir diləyirəm.

Qarşılarında baş əyib təzim edərək: "Şəhidlərimizin pak ruhları şad olsun!"- deyirəm. Yaralılara mükəmməl şəfa arzulayır və ümüd edirəm ki, bu zəhmətlər, mücahidətlər, fədakarlıqlar tarixdə əbədi olaraq qalacaq və Allah-Təalanın dərgahında öz layiqli qiymətini alacaq.

Mövsüm Səmədov, 23 noyabr, 2020-ci il."