Tovuz məhbusları- İŞİD fəlakətindən betər məhkəmə prosesi

Tovuz məhbusları- İŞİD fəlakətindən betər məhkəmə prosesi

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) iki il öncə keçirdiyi əməliyyat nəticəsində həbs edilən və "Tovuz işi" adlandırılan məhkəmə prosesi başa çatıb.

Mayın 4-də Azərbaycan Cinayət Məcəlləsinin 167-3.1 (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma), 218.2 (cinayətkar birlikdə, mütəşəkkil dəstələrin birliyində iştirak), 214-1 (terroru maliyyələşdirmə) maddələrilə ittiham edilən 11 məhbusa hökm oxunub. 

Samir Qurbanov- 8 il,

Babək Məmmədli-7 il,

Amin Həsənov -7 il,

Əflatun Bayramov-7 il,

Tehran Qasımov- 5 il,

Orxan Qurbanov- 2 il 6ay,

Cavid Əmənov - 2 il 6 ay,

Ələddin İbişov- 2 il 6 ay,

Yusif İmanov -2 il 6 ay,

Elgün İsmayılov- 2 il 6 ay,

Şəhriyar Cabbarov- 2 il 6 ay.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Bakı Ağır Cinayətlər məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdən məhbuslar onlara istənilən həbs cəzası ilə razılaşmayıb. Bəzi məhbuslar etiraz əlaməti olaraq başlarını divara çırpıb, özlərinə xəsarət yetiriblər. Məhbusların yaxınlarının halı pisləşib.

YADDAŞ

11 nəfərin təmsil olunduğu qrupun (Ələddin İbişov, Şəhriyar Cabbarov, Əflatun Bayramov, Elgün İsmayılov, Tehran Qasımov, Orxan Qurbanov, Amin Həsənov, Cavid Əmənov, Yusif İmanov, Samir Qurbanov və Babək Məmmədli) üzvlərindən 4 nəfər aclıq aksiyasına başlayıb. Lakin Əflatun Bayramovun mədəsi qanama verdiyi üçün aclığı saxlamalı olub. Babək Məmmədli, Amin Həsənov və Samir Qurbanov isə aclıq aksiyasını davam etdirir.

Təqsirləndirilən şəxslər törətmədikləri cinayətdə ittiham edildikləri və məhkəmənin bu işi ədalətli araşdırmamasına etiraz olaraq, aclıq edirlər. Bundan əvvəl təqsirləndirilən şəxslər məhkəmə zalında etiraz olaraq, qollarını ülgüclə kəsmişdilər.

Qeyd edək ki, valideyinlər və vəkillər cinayət işinin materiallarında bəhs olunan Tural adlı şəxsin məhkəməyə gətirilməsi üçün vəsatət qaldırıblar. Çünki bütün istintaq materialları Tural adlı şəxsin iddiaları əsasında hazırlanıb. Müdafiəçilər bildirib ki, məhkəmə üzərinə düşən vəzifəni yerinə yetirib, cinayət işinin materiallarında təxribatçı kimi bəhs olunan Tural adlı şəxsin kimliyini müəyyənləşdirməsə də, vəkillər bu işin öhdəsindən gəlib. Müəyyənləşdirilib ki, Xaçmaz sakini Vəlibəyov İmran Rafiq oğludur. Vəkillər onun fotosunu da əldə edib. Müdafiə tərəfi bu materialları məhkəməyə təqdim edərək, onun dindirilməsini istəyib. Cinayət işində iddia olunur ki, təqsirləndirilən şəxslərin İŞİD-ə maliyyə yardımı göndərməsi və digər əməllərindən "Tural" da xəbərdar olub.

Prokuror vəkillərin vəsatətinə münasibət bildirmək üçün öncə vaxt istəyib. Bir qədər sonra gəlib deyib ki, vəsatətin təmin olunmasına ehtiyac yoxdur. Məhkəmənin qərarı da prokurorun mövqeyinə uyğun olub – vəsatət təmin edilməyib.

Aprelin 27-də keçiriləcən məhkəmə iclasında prokuror təqsirləndirilən şəxslərə cəza istəyib.

Həmin günü məhkəmə iclasından sonra təqsirləndirilən şəxslərin ailə üzvləri əvvəlcə Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında, daha sonra Prezident Administrasiyasının yaxınlığında etiraz aksiyası keçiriblər.

Aclıq aksiyası keçirən Babək Məmmədlinin anası Esmira Məmmədova ölkə başçısı İlham Əliyevə müraciət edib: "Ay İlham Əliyev, bizi niyə eşitmirsən, sənin təyin elədiyin məmurlar, hakimlər bizə, balalarımıza zülm eləyir. Mənim balam 50 gündür acdır. Sən prezidentsən axı, vətəndaşın dərdini dinləməlisən. Adama bu ittihamı verəndə maraqlanmazlar ki, bunlar özləri çörək tapırmı yeməyə, İŞİD-ə də yardım etsin?"

Hüquq müdafiəçisi, Represiya və İşgəncələr Əleyhinə Komitənin sədri Namizəd Səfərov isə məhkəmə prosesini ümumilikdə "anormal" hesab edir.

"Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində Tovuz rayonunda həbs olunan 11 nəfərin ittiham olunmaları ilə bağlı məhkəmə nprosesi başa çatıb.

Dövlət ittihamçısının 9 ildən 18 ilə qədər (!!!!) azadlıqdan mərhumetmə cəzası verilməsini tələb etdiyi şəxslərə, məhkəmə tərəfindən 2 il 6 aydan başlamış 8 ilə qədər azadlıqdan mərhumetmə cəzası verilib.

Bu höküm, Azərbaycanın Ədliyyə və Ədalət mühakimiəsi sisteminin nə qədər çürük olduğuna bariz nümunədir. Cinayət işi üzrə istintaq və məhkəmə proseslərini həyata keçirən iki dövlər orqanının, törədildiyi iddia olinan cinayətə münasibəti, bir-birindən 100 dərəcə fərqlənib.

Normal bir ölkədə, belə bir nəticədən sonra, ya dövlət ittihamını irəli sürən prokuror, yaxud da, hökm çıxaran hakimlər vəzifələrindən dərhal kənarlaşdırılmalı idilər. Bu fakt bir daha təsdiq edir ki, Azərbaycanda ədalət mühakiməsi, qanunlara yox, şəxsi istək və mənafelərə söykənir".