Toyda iştirak edən deputat toy edən vətəndaşları qınadı

Toyda iştirak edən deputat toy edən vətəndaşları qınadı

Komitə sədri: Təəssüf ki, son vaxtlar bir qrup insanda arxayınlıq hissi yaranıb və məsuliyyətsizlik göstərərək toy şənlikləri təşkil edirlər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "COVİD-19" pandemiyasına qarşı mübarizənin təşkili haqqında fərman və sərəncamlarının icrası öz müsbət nəticələrini verib, əhalinin sağlamlığı, sosial müdafiəsi, iqtisadiyyatın normal fəaliyyəti, sahibkarlara dövlət dəstəyi tam təmin edilib.

Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, əlbəttə, sərt karantin rejiminin tətbiqi və sanitar-gigiyenik qaydalara ciddi riayət edilməsi koronavirusun yayılmasının qarşısının alınmasında ən mühüm tədbirlərdən biridir:

"Təsadüfi deyil ki, sərt karantin rejiminin may ayında nisbətən yumuşaldılması vətəndaşların bir qismində təhlükənin artıq sovuşduğu təəssüratı yaratmış və onlar karantin qaydalarını pozmuşlar. Nəticədə sanitar-epidemioloji vəziyyət pisləşdi və hökumət əhalinin sağlamlığını qorumaq məqsədilə yenidən sərt karantin rejimini tətbiq etməyə məcbur oldu.

Görülmüş tədbirlər nəticəsində virusa yoluxanların sayı azaldı, sağalanların sayı isə artdı. Bütövlükdə xəstələrin sayı kəskin şəkildə aşağı düşdü. Bütün bunları nəzərə alaraq, Nazirlər Kabineti yanında Operativ Qərargah yenidən müvafiq tövsiyələrə ciddi riaəyət edilməsi şərti ilə karantin rejiminin qismən yumuşaldılması haqqında qərar qəbul etdi.

Çox böyük zəhmət nəticəsində əldə edilmiş müsbət vəziyyətin daha da yaxşılaşdırılmasın ilkin şərti kütləvi tədbirlərin keçirilməməsi, məsafədən idarəetmənin təşkili, sanitar qaydalara əməl etməkdir. Xüsusilə də insanların daha çox toplaşa biləcəyi beynəlxalq və yerli tədbirlərin, idman yarışlarının, dinimərasimlərin, toy və hüzr məclislərinin keçirilməsi qadağan edilmişdir.

Hər bir vətəndaşın, xüsusilədə deputatların, dövlət qulluqçularının vəzifəsi karantin rejiminə nəinki riaəyət etməli, həm də şəxsi nümunə olmalıdırlar. Təəssüf ki, son vaxtlar bir bir qrup insanda arxayınlıq hissi yaranmış və məsuliyyətsizlik göstərərək toy şənlikləri təşkil edirlər.

Azərbaycan hüquqi dövlətdir, ölkəmizdə qanunun aliliyi təmin edilib, heç kim qanundan üsten ola bilməz, hamı qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşıyır. Müvafiq hüququ-mühafizə orqanları bununla bağlı reydlər keçirir, qanunları pozanlara qarşı qanun çərçivəsində tədbirlər görür, izahat və maarifləndirmə işləri aparırlar. Amma bundan nəticə çıxarmayanlar, emosiyalara qapılaraq məsuliyyətsiz addımlar ataraq toy mərasimləri təşkil edənlər də var. Belə məclislərdə deputatların, xüsusən də komitə sədrinin iştirakı qətiyyən yol verilməzdir. (trend.az)

Qeyd edək ki, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Bəxtiyar Əliyev karantin günlərində AMEA rəhbəri Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyi deyilir.