Vəkili bu gün Tofiq Yaqublu ilə görüşüb

Vəkili bu gün Tofiq Yaqublu ilə görüşüb
Vəkil Elçin Sadıqov bu gün Qarabağ qazisi, Müsavat Partiyasının və Milli Şuranın fəalı Tofiq Yaqublu ilə görüşüb Vetenugrunda.az-ın verdiyi xəbərə görə, vəkil Elçin Sadıqov Şüvəlandakı 3 saylı istintaq təcridxanasında saxlanan Tofiq Yaqublu ilə görüşü barədə bunları deyib: "T.Yaqublu çox zəifləyib və halsızdır. Güclə yeriyirdi. Baş ağrıları və baş gicəllənmələri var. Gözləri dərin çuxura düşmüşdü və temperaturu yoxdur. Tofiq Yaqublunun halı gündən-günə geriyə doğru gedir. Hər an həyatını itirmək təhlükəsi var. Bu qədər zəif və halsız olmağına baxmayaraq bildirib ki, mübarizə əzmindədir. Aclığı dayandırmaq barədə qətiyyən düşünmür. "Ya AZADLIQ, ya ÖLÜM! Geriyə yol yoxdur! Fikrim qətidir. Sona qədər gedəcəm!" Qeyd edək ki, Tofiq Yaqublu haqqında qaldırılan ittihamların heç birini qəbul etməyib. O, şərlənərək həbs edildiyini bildirib, məhkəmənin ədalətsiz hökmünə etiraz olaraq aclıq aksiyasına başlayıb. YADDAŞ T.Yaqublu martın 22-dən həbsdədir. Nizami rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Əsədulla Ramazanov Tofiq Yaqubluya 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası istıyib. Sentyabrın 3-də onun 4 il 3 ay azadlıqdan məhrum edilməsi və ciddi rejimli şəraitdə həbsini çəkməsi barədə hökm çıxarılıb. T.Yaqublu CM-in 221.3 (silah və ya silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsilə təqsirli bilinib. İddia olunur ki, T.Yaqublu avtomobili ilə qəza törədib, daha sonra o biri maşında olan ər-arvadı – Elxan və Cəvahir Cəbrayılovları döyüb, xəsarət yetirib. T.Yaqublu ittihamın saxta olduğunu bəyan edib. O bildirib ki, “8-ci kilometr bazarı”nın qarşısında park olunmuş maşınında əyləşib bazardan qayıdacaq həyat yoldaşını gözlədiyi vaxt maşını qəsdən vurulub. Daha sonra maşını vuran sürücü Elxan Cəbrayılov və yanında olan Cəvahir Cəbrayılova ona hücum edib. Həmin vaxt anlayıb ki, bu təxribatdır. T.Yaqublu bundan öncə də 2014-cü ildə İsmayıllı hadisələrinə görə həbs olunmuş, 2016-cı ilin martında azadlığa çıxmışdı. O, Milli Şuranın ötən il oktyabrın 19-da keçirdiyi mitinqdə də 30 günlük inzibati həbs cəzası almışdı. Sonuncu həbs zamanı T.Yaqublu ağır işgəncələrə məruz qaldığını bildirmişdi. Ailə üzvlərinin sözlərinə görə, həmin işgəncələr nəticəsində T.Yaqublunun səhhətində fəsadlar yaranıb.