Yunis Səfərova ömürlük həbs cəzası istənildi

Yunis Səfərova ömürlük həbs cəzası istənildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə ittiham olunan Yunis Səfərov və daha 11 nəfərin məhkəmə prosesi keçirilib.

Gəncə Ağır Cinayətlə Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, o, təqsirləndirilən Yunis Səfərovun ömürlük azadlıqdan məhrum edilməsini istəyib.

Digər təqsirləndirilən şəxslərə, Əziziov Mahir Əziz oğluna 20, Mustafayev Rasim Hafiz oğluna 20, Qurbanov Ceyhun Ələkbər oğlu və Zalov Cəfər Mürsəl oğluna 18, qalanlara isə 17-19 il arası azadlıqdan məhrum etmə cəzası təyin edilməsini təklif edib.

YADDAŞ

Gəncənin sabiq icra başçısı və mühafizəçisi 2018-ci il iyulun 3-də güllələnib. Bu hadisəyə 200-dən çox insan həbs edilib, saxlanılıb və dəhşətli işgəncələrə məruz qalıb.

Gəncə işi ilə bağlı həbs edilənlər bir neçə qrupa bölünüb. Bəzi qruplardakı ittiham edilənlərin məhkəməsi və hətta cəza müddəti bitisə də, hələ də iki qrupun məhkəməsi davam edir.

Yunis Səfərovun təmsil olunduğu qrup 12 nəfərdən ibarətdir: 

  1. Səfərov Yunis Rafiq oğlu 
  2. Əzizov Mahir Əziz oğlu 
  3. Abdullayev Hamlet Ramiz oğlu
  4. Əliyev Akif İsmayıl oğlu
  5. Mustafayev Rasim Hafiz oğlu 
  6. Qurbanov Ceyhun Ələkbər oğlu 
  7. Zeynalov Firudin Etibar oğlu
  8. Zalov Cəfər Mürsəl oğlu 
  9. Məmmədov Vüqar Vaqif oğlu
  10. Salahov Ceyhun İsrail oğlu
  11. Bağırov Anar İslam oğlu
  12. Sərxani Ağa Hüseyin oğlu

(Qrupda adıçəkilən Anar Bağırov və Ağa Sərxani hüquq mühafizə orqanları tərəfindən qətlə yetirilib.)

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 33 maddəsilə ittiham irəli sürülüb. Bunların arasında 29, 120 (qəsdən adam öldürməyə cəhd), 181 (quldurluq), 214 (terrorçuluq), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd), 278 (hakimiyyəti zorla ələ keçirmə və ya dövlətin konstitusion quruluşunu zorla ələ keçirmə) və başqa maddələr var. Xatırladaq ki, Gəncə olayları ilə bağlı 5 nəfər istintaqsız, heç bir məhkəmə hökmü olmadan öldürülüb. Onlar Anar Bağırov, Ağa Sərxani, Muraz Rəhimov, Rəşad Babakişiyev, Fuad Səmədovdur.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Xəqani Səmədovun sədrliyi ilə Sabunçu Məhkəməsində keçirilən prosesdə 20 il müddətinə azadlıqdan məhrum edilən, Hepatit C xəstəsi Eşqin Quliyev və istintaq müddəti başa çatmayan Aydın Qurbanov, eyni zamanda Müşqfiq Qurbanov fərqli tarixlərdə Pentensiar Xidmətin Müalicə Mərkəzində vəfat ediblər.

Qeyd edək ki, Müşfiq Qurbanov və Yusif Sadıqov Gəncə işi ilə bağlı sonuncu qrupu təmsil edirdilər. Hər iki şəxs Azərbaycan tərəfinin verdiyi axtarışla bağlı Rusiyada həbs edilib bir il müddətinə saxlandıqdan sonra Azərbaycan gətirilib.