Aclıq edən Tovuz məhbuslarının vəziyyəti ağırlaşıb

Aclıq edən Tovuz məhbuslarının vəziyyəti ağırlaşıb

Qanunsuz həbsərinə etiraz edən Tovuz məhbusları Babək Məmmədli və Amin Həsənovun vəziyyəti ağırlaşıb.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə bu barədə onların vəkili Elçin Sadıqov məlumat verib. Apreli 14-də məhbuslarla görüşən vəkil bildirib ki, hər iki şəxs 20 kq arıqlayıb: 

"Uydurma cinayət işi ilə bağlı həbs olunan Tovuz məhbuslarından Məmmədli Babək Rəşid oğlu ilə və Həsənov Amin Ədalət oğlu ilə görüşdüm.

Artıq 40 gündən çoxdur ki, aclıq edirlər. Hər biri ən azı 20 kilqramdan çox arıqlayıblar, ağızlarının içərisi (selikli qişa) və dodaqları yara tökmüşdü, orucluqla bağlı gündüzlər də su içmədiklərindən səhhətləri kəskin pisləşibdir. Bildirdilər ki, təzyiqləri əsasən 90/60 olur.

Bizim onların müalicə müəsissəsinə köçürülmələrinə dair tələblərimiz təmin edilmir. Onların həyatı təhlükədədir, təcili müalicə müsəssəsinə köçürülməli, ixtisaslaşmış tibbi yardımla təmin olunmalıdırlar".

Qeyd edək ki, Tovuz məhbuslarından 5 nəfəri 40 gündən çoxdur ki, aclıq aksiyasına başlayıb. Onlardan biri Əflatun Bayramovun mədəsi qanama verdiyi üçün aclığı saxlamalı olub. Digər 4 nəfər Samir Qurbanov, Amin Həsənov, Babək Məmmədli, Ələddin İbişov isə hələ də aclıq aksiyasını davam etdirirlər. 

Terrorçuluq və İŞİD-ə maliyyə göndərməkdə təqsirləndirilən Tovuz məhbuslarından ibarət olan 11 nəfərlik qrupun 4 üzvü bu il fevralın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə lezva ilə özlərini doğrayib, məhkəməyə etiraz ediblər.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Samir Qurbanov, Əflatun Bayramov, Amin Həsənov və Ələddin İbişov ülgüclə (lezva) qol damarlarını doğrayıb.

Daha sonra isə həmin şəxslər "lezva"nı boğazlarına dirəyərək dayanıblar. Hakim zaldan çıxıb və konvoy əməkdaşları təqsirləndirilən şəxsləri sakitləşdirməyi bacarıblar. 

Qeyd edək ki, bu iş üzrə Ələddin İbişov, Şəhriyar Cabbarov, Əflatun Bayramov, Elgün İsmayılov, Tehran Qasımov, Orxan Qurbanov, Amin Həsənov, Cavid Əmənov, Yusif İmanov, Samir Qurbanov və Babək Məmmədli ittiham edilir.

Onlar Cinayət Məcəlləsinin 167-2.2.1-ci (Qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, idxal etmə, satma və ya yayma; qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-2.2.2-ci (təkrar törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma), 214 (Terrorçuluq) və 218-ci (Cinayətkar birlik (təşkilat) yaratma) maddələri ilə təqsirləndirilirlər.

Vetenugrunda.az