Aprelin 5-dən məktəblər və bağçalar bağlanır

Aprelin 5-dən məktəblər və bağçalar bağlanır

Bu barədə təhsil naziri Emin Əmirullayev feysbuk səhifəsində yazıb: 

"Bu gün yoluxmanın üstünlük təşkil etdiyi ərazilərdə (Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonun) tədrisin distant formaya keçirilməsi ilə bağlı qərar qəbul edildi. Təhlillər göstərir ki, son həftə ərzində olan yoluxmaların 80 %-dən çoxu bu bölgələrin payına düşür".

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, nazir yoluxma hallarının daha az baş verdiyi yerlərdə tədrisin əyani formada həyata keçiriləcəyini, lakin yoluxma halları artdığı təqdirdə həmin ərazilərdə də tədrisin distant formaya keçiriləcəyini bildirib:

"Hörmətli təhsil ictimaiyyəti, məlum olduğu kimi, pedaqoji və texniki heyətin peyvənd olunması prosesi davam edir.

Bir daha vurğulamalıyam ki, şagirdlərin davamlı öyrənməsi və təhsil müəssisələrinin mütəmadi fəaliyyətinin təmin edilməsində vaksinasiya mühüm faktordur. Hər birinizin bu məsələdə fəal iştirakını vacib hesab edirəm. Müəllimlərin və məktəblərdə işləyən digər şəxslərin qısa zaman ərzində peyvənd olunması ənənəvi təhsilə keçidi sürətləndirən mütləq məqamdır".

Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda yerləşən məktəbəqədər təhsil müəssisələri bağlanır.

Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq aprelin 5-dən etibarən qeyd olunan ərazilərdə yerləşən məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti dayandırılır.

Aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində əyani tədris dayandırılır. Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.

Qeyd edək ki, İtaliya növbəti dəfə məktəbləri bağlayır. Belə ki, Pasxa ərəfəsində ölkə tamamilə qapanmaya gedir. Roma və Milan şəhərləri də daxil olmaqla, ölkənin çox böyük bir hissəsində mağaza, restoran və məktəblər bir daha bağlanır və 3 gün (3-5 aprel tarixlərində) ölkə ərazisinin hər yerində tamamilə qapanma qüvvəyə minir.

İnsanlardan işə getmək, səhhətlərində yaranmış problemlər və çox vacib hallardan başqa evdən çıxmamaq ciddi şəkildə tələb edilir.