Azərbaycanın Baş epidemioloqu istefa verdi

Azərbaycanın Baş epidemioloqu istefa verdi

Tibb elmləri doktoru, professor İbadulla Ağayev Azərbaycanın Baş epidemioloqu vəzifəsindən çıxıb.

Bu barədə İ.Ağayev özü məlumat verib.

O bildirib ki, öz istəyinə uyğun olaraq Baş epidemioloq vəzifəsindən istefa verib.

1992-ci ildən Azərbaycanın Baş epidemioloqu vəzifəsində çalışan tibb elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Əməkdar müəllim, Rusiya Təbiət Elmləri Akademiyasının üzvü İ.Ağayev 180 elmi əsərin müəllifidir. 

Qeyd edək ki, Ağayev İbadulla Əliağa oğlu 17 yanvar 1950-ci ildə Sabirabad rayonunun Muğan Gəncəli kəndində dünyaya göz açıb.

Orta təhsilini 1966-cı ildə bitirdikdən sonra N.Nərimanov adına Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub.

Fəaliyyəti 1973-1974-cü illərdə E.Əfəndiyev adına Bakı şəhər 2 saylı klinik xəstəxanada həkim-intern işləyib. 1974-1976-cı illərdə isə Bakı şəhər 2 saylı təcili tibbi yardım stansiyasında səyyar həkim vəzifəsini daşıyıb.

1982-1992-ci illərdə ATU-nun epidemiologiya kafedrasının assisenti vəzifəsindən yüksələrək kafedranın dosenti vəzifəsində çalışıb. 1992-ci ildə ATU-nun epidemiologiya kafedrasının müdiri vəzifəsinə layiq görülüb. Həmin ildə Ali Attestasiya Komissiyası tərəfindən ona professor elmi adı verilib.

İbadulla Ağayev 1992-ci ildən bu günə qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş epidemioloqu vəzifəsini daşıyıb. 

O, 1992-ci ildə Azərbaycan epidemioloqları və parazitoloqları elmi cəmiyyətinin sədri, 1994-cü ildən Atu-nun epidemiologiya, mikrobiologiya və yoluxucu xəstəliklər üzrə problem komissiyasının sədri, 1995-ci ildən ATU-nun tibbi-profilaktika və tibbi biologiya fakultəsinin sahə metodik komissiyanın sədri seçilib.

1999-cu ildə Səhiyyə Nazirliyinin fəxri fərmanı ilə mükafatlandırılmış, 2000-ci ildə ölkə Prezidentinin fərmanı ilə "Əməkdar müəllim" adına layiq görülüb.

2006-cı ildə Səhiyyə Nazirliyinin fəxri fərmanı ilə təltif ediib.

2007-ci ci ildə Dövlət Başçısının sərəncamı ilə tibb elmləri doktoru, professor İbadulla Ağayev "Əməkdar elm xadimi" adına layiq görülüb.

O, 1999-cu ildə Rusiya Təbiət Elmləri Akademiyasının üzvi seçilib. 2000-ci ildə Rusiya Təbiət Elmləri Akademiyasının İ.P.Pavlov adına gümüş medalı ilə təltif edilib.

Tibb elmləri doktoru İbadulla Ağayev 2001-ci ildə Beynəlxalq Ekoenerji Akademiyasının üzvi seçilib.

2020-ci il iyulun 4-də dünyada və Azərbaycanda Koronavirus pandemiyasının baş verdiyi günlərdə Azərbaycanda fəaliyyət göstərən media qurumlarından biri İbadulla Ağayevlə əlaqə saxlayaraq ondan ölkədəki epidomioloji vəziyyət haqqında məlumat almağa çalışsa da, cavabında İbadulla Ağayev kənddə olduğunu və buna görə ölkədə baş verənlərdən tamamilə xəbərsiz olduğunu deməsi birmənalı qarşılanmayıb. Azərbaycan Tibb Universiteti isə İbadulla Ağayevin həmin vaxt dəfn mərasimində olduğu üçün belə dediyini iddia edib və məsələ ilə bağlı araşdırma aparılacağını bildirib.