Azərbaycanın “Peyvənd sertifikatı” Avropada niyə tanınmır?

Azərbaycanın “Peyvənd sertifikatı” Avropada niyə tanınmır?

Azərbaycanda verilən "Peyvənd sertifikatı" Avropa İttifaqında elektron sistem tərəfindən tanınmır və oxunmur.

Belə ki, vaksin sənədində olan QR kodunu Avropada elektron sistem oxuya bilmir. Bu isə Peyvənd Sertifikatı olan Azərbaycan vətəndaşlarının bir sıra hallarda Avropada qapalı məkanlara daxil olmasını əngəlləyir.

Bununla bağlı Səhiyyə Nazirliyindən bildirildi ki, məsələnin həlli istiqamətində İşçi Qrupu yaradılıb:

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsasən COVID-19 sertifikatlarının qarşılıqlı tanınması mexanizmlərinin işlənilməsi üçün İşçi Qrup yaradılıb.

İşçi Qrupun təklifləri əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2021-ci il tarixli 371 nömrəli "COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında Qərar"ı qəbul olunub.

Bu Qərardan irəli gələrək aidiyyəti dövlət qurumlarının iştirakı ilə xarici ölkələrlə COVID-19 sertifikatlarının qarşılıqlı tanıdılmasına dair ilkin müzakirələr keçirilib. Müzakirələrin yekunlarına dair ictimaiyyətə əlavə məlumatlar təqdim olunacaq".