"Azərsu" ASC-nin sədri işdən çıxarıldı

"Azərsu" ASC-nin sədri işdən çıxarıldı

Qorxmaz Cavanşir oğlu Hüseynov "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri vəzifəsindən azad edilib. O, 10 il bu vəzifədə fəaliyyət göstərib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Qorxmaz Hüseynov son dönəmdə milyonluq villaları və çox böyük hovuzları ilə gündəmə gəlmişdi. Onun oğlu Füzilidəki Hramı düzündə 3 min hektara yaxın ərazini zəbt edib şəxsi təssərüfatına çevirməklə ətrafdakı insanları suyun üzünə həsrət qoyması ilə məşhurlaşıb. 

Hüseynov Qorxmaz Cavanşir oğlu 1965-ci ildə Cəbrayıl rayonunun İsaqlı kəndində anadan olub. 1982-ci ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub, 2004-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

Əmək fəaliyyətinə 1989-cu ildə "Neft daşları" NQÇİ-də iqtisadçı-mühasib vəzifəsində başlayıb. 1990-cı ildə "28 May" NQÇİ-də Əməyin təşkili və əmək haqqı şöbəsində mühəndis, 1991-1992-ci illərdə şöbə rəisinin müavini, 1992-1995-ci illərdə şöbə rəisi, 1995-1997-ci illərdə "Qum adası" NQÇİ-də Əməyin təşkili və əmək haqqı şöbəsinin rəisi, 1997-2003-cü illərdə "Xəzərdənizneftqaztikinti" trestinin müdir müavini, 2003-2006-cı illərdə trestin müdiri, 2006-2007-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin rəisi vəzifələrində çalışıb.

27 dekabr 2007-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sosial məsələlər üzrə vitse-prezidenti təyin edilib. 16 fevral 2011-ci il tarixində həmin vəzifədən azad edilərək "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilib.

Ailəlidir, iki övladı var.