Çadır şəhərciyi azərbaycanlılarla tam dolub…

Çadır şəhərciyi azərbaycanlılarla tam dolub…
Dağıstanın Kullar kəndindəki çadır şəhərciyi tam dolub, ətrafında kortəbii düşərgə yaranır… Dağıstanın sərhəddə yerləşən Kullar kəndində Vətənə buraxılmasını gözləyən Azərbaycan vətəndaşlarının sayı yenidən artıb. Məlumatda bildirilir ki, 600-ə yaxın adam tutan çadır şəhərciyi tam dolub və onun ətrafında yenə də kortəbii düşərgə yaranır: “Adamlar antisanitar şəraitdə çadır vasitələrindən tikilmiş anbarlarda yaşamağa məcburdur. Kim bacarırsa, yerli sakinlərdən və ya mehmanxanalarda icarəyə otaq götürür. Həftədə bir dəfə 450-460 nəfərin sərhəddən buraxılması Kullardakı vəziyyətin səngiməsi üçün açıq-aydın kifayət deyil. Payızın gəlişi və hava şəraitinin pisləşməsi ilə düşərgə sakinlərinin vəziyyəti daha da pisləşəcək. Belə təəssürat yaranır ki, bu, Azərbaycanın dövlət orqanlarını narahat etmir. Bakıda problemi görməməyə çalışırlar. Fövqəladə Hallar Nazirliyinin sərhəddin Azərbaycan tərəfində yaradılmış karantin məntəqəsində 1200-ə yaxın adamı qəbul etmək imkanı olsa da, çadır düşərgəsi bu müddətdə 30-40 faizdən çox dolmayıb”. Agentlik iyun iğtişaşları zamanı 93 nəfərin saxlanıldığını xatırladaraq bildirib ki, onlardan 83 nəfəri 10 sutkaya qədər inzibati həbsə məruz qalıb: “Onlarla Azərbaycan vətəndaşına qarşı CM-in iki maddəsi ilə cinayət ittihamı irəli sürülüb, bunun biri ağır cinayətlərə aiddir”. Şahidlərdən biri “Turan”a deyib ki, saxlanılanların çoxu, ümumiyyətlə, etiraz aksiyasında iştirak etməyib: “Gecə düşərgədə bütün gəncləri araşdırma aparmadan tutublar. Rusiyanın hüquq-mühafizə orqanları sübut toplamaq üçün özlərinə əziyyət verməyiblər. Şübhəliləri aldadıblar, söz veriblər ki, əgər etirafedici ifadələrin altına imza atsalar, onları buraxacaqlar. Həbs olunanlar rus dilini bilmədikləri üçün hətta ittihamın mahiyyətini də başa düşməyiblər, çünki peşəkar tərcüməçilərlə təmin edilməyiblər”. Məlumatda dağıstanlı vəkil Murad Vəlixanovun azərbaycanlı fəallara dəstək göstərdiyi qeyd olunub. Murad Vəlixanov ibtidai istintaqın noyabrın 17-dək uzadılacağını söyləyərək əlavə edib ki, məhkəmə istintaqı gələn il başlayacaq: “Mən Azərbaycanın dövlət qurumlarının fəaliyyətsizliyinə təəccüblənirəm. Azərbaycandan olan bir şəxs kimi həmyerlilərimizin hüquqlarının qorunması işinə qoşuldum. Amma mən saxlanılanların hamısının vəkili ola bilmərəm, üçünün vəkiliyəm. Digər müttəhimləri müdafiə etmək üçün vəkillərin cəlb ediləcəyilə bağlı diaspor təşkilatlarının və oliqarxların vədləri vəd olaraq qalıb. Bəzi mütəhimlərin valideynləri özləri vəkilləri cəlb ediblər, amma hamının belə imkanı yoxdur. Hətta müttəhimlərin ev dustaqlığına keçirilməsi üçün mənzillə təminat məsələsində də diaspordan heç bir dəstək yoxdur və hər şey ayrı-ayrı adamların səylərilə olur. Biri tanımadığı adamın mənzilinin icarə haqqını ödəyib, digəri soydaşına evində sığınacaq verib. Xüsusilə ehtiyacı olan, valideynləri olmayan bir gənci öz evimə yerləşdirmişəm. Bəs səfirlik, Diasporla İş Üzrə Dövlət Komitəsi və Azərbaycan dövlətindən maliyyə yardımı alan diaspor təşkilatları haradadır?”.(turan)