Dağıstandan 152 həmyerlimiz ölkəyə gətirildi

Dağıstandan 152 həmyerlimiz ölkəyə gətirildi

3 aya yaxındır ki, Rusiya Federasiyası ilə aramızdakı dövlət sərhədinin Dağıstan istiqamətində ölkəsinə girmək üçün icazə gözləyən həmvətənlərimizdən bir hissəsi Azərbaycana gətirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

O qeyd edib ki, 152 vətəndaşımız Moskvaya təşkil olunmuş çarter reysi ilə ölkəyə gətirilib:

"Onlardan 146 nəfəri böyük, altı nəfəri isə azyaşlıdır".

Qeyd edək ki, iyunun 15-də Kullar qəsəbəsi yaxınlığında yerləşdirilmiş Azərbaycan vətəndaşları ölkəyə buraxılmamaqlarına etiraz əlaməti olaraq düşərgəni tərk edərək, "Qafqaz" magistral yolunu kəsiblər. Hadisə yerinə Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin və Dağıstan DİN-nin əməkdaşları gəliblər. Etirazçılar hüquq-mühafizə orqanı əməkdaşlarına müqavimət göstəriblər. Qadına, qocaya, uşağa baxmadan çox qəddar davranıblar. Hadisə yerindən çəkilən və sosial şəbəkələrdə paylaşılan videolarda polislərin hətta meyitləri təpiklədiyi görünür. 

Mayın 18-də Dərbənddə ümumilikdə 900-ə yaxın Azərbaycan vətəndaşı olub. Aprelin əvvəlindən Rusiyaya müvəqqəti gedənlər Azərbaycana qayıtmaq üçün sərhəddəki neytral zonada gözləyirlər.

Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərləri 18 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılıb.

İyunun 15-dən 16-na keçən gecə sərhəddə baş verən insidentlə bağlı Rusiya İstintaq Komitəsinin Dağıstan üzrə idarəsi istintaqa başlayıb.