Dövlət ittihamçısı İlham Əliyevə 18 il iş istədi

Dövlət ittihamçısı İlham Əliyevə 18 il iş istədi

Azərbaycan İslam Partiyasının (AİP) sədr əvəzi, ruhani Hacı İlham Əliyevin işi üzrə növbəti məhkəmə prosesi baş tutub.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ilahiyyatçı İlham Əliyevə dövlət ittihamçısı 18 il, onunla birlikdə həbs edilən Mehman Rzayev üçün 15 il müddətində azadlıqdan məhrum etmə cəzası istəyib.

Məhkəmənin növbəti iclası aprel ayının 12-i saat 12:00-a təyin edilib.

YADDAŞ

İlham Əliyev 2020-ci il fevralın 29-da Dövlət Təhlükəsizlik Xidməti tərəfindən Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində saxlanılıb. Martın 2-də Səbail Rayon Məhkəməsi İlham Əliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Xatırladaq ki, bu ilahiyyatçının birinci həbsi deyil. O, 2012-ci ilin fevral ayında qanunsuz silahsaxlama maddəsi ilə ittiham edilib və bir il yarım həbs cəzası alıb.

Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov da hazırda həbsdədir. O, 2011-ci ilin yanvarında həbs edilib. Doktor Mövsüm Səmədov qanunsuz silah saxlama, konstitusiya quruluşunu dəyişməyə cəhd və başqa cinayətlərdə ittiham edilərək 12 il həbs cəzası alıb. Səmədov ittihamları qəbul etmir və hökuməti sərt tənqidindən sonra həbs edildiyini bildirib.

Mövsüm Səmədovu dünyanın insan haqları ilə məşğul olan təşkilatları siyasi məhbus kimi tanıyıb.

.