Mahir Əzizov uşağının şkafına qumbara qoyubmuş?

Mahir Əzizov uşağının şkafına qumbara qoyubmuş?

Gəncə məhbusu Mahir Əzizovu xanımı ilə təhdid edib ifadələrə imza atdırıblar

Gəncə məhbusu Mahir Əziz oğlu Əziziovun həbsindən 2 il ötür.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proses karantin rejiminə görə qeyri müəyyən müddətə təxirə salınıb. O, Yunis Səfərovla birgə 12 nəfərlik qrupa daxildir.

Mahirin anası deyir ki, oğlunun tutlmasından bu günə qədər bütün hüquqları pozulmaqdadır: “2018-ci il iyulun 5-də bir dəstə mülkigeyimli şəxs özünü təqdim etmədən, oğlumu Sədərəkdə işlədiyi mağazadan tutub aparıblar "bandotdelə". Bu əslində insan oğurluğudur. Çünki  ailəyə xəbərdarlıq edilməyib: "Mahirə "bandotdel"də işgəncə veriblər.

Ona deyiblər ki, evinə gedib sənin evinə qumbara qoyacağıq, sən də razılaşacaqsan ki, sənindir. Mahir əvvəlcə buna razı olmayıb. Əllərində dubinka olan bir neçə nəfər Mahiri huşunu itirənə qədər döyüblər.

Lakin onun razılaşmadığını görəndə həyat yoldaşı ilə təhdid ediblər və deyiblər ki,  "Sənin arvadını gətirəcəyik bura". Mahir bu təhdiddən sonra razılaşıb.

Mahir Əzizovun evində axtarış aparılanda uşağın şkafındakı yemək qutusundan qumbara çıxardıqlarını qeyd etsələr də, bu qumbaranı əslində Mahirin gözləri önündə qoyub götürüblər.

Biz kirayədə qalırdıq. Evimiz çox darısqal olduğundan şkafımız çox kiçik idi. Uşaq oynayanda qaçıb şkafda gizlənirdi. Mahir niyə görə uşağının gizləndiyi şkafa qumbara qoymalıydı? Bu heç ağlabatan da deyil. Bu uydurmalara uşaqlar da inanmaz, gülərlər.

Eyni gündə oğurlanan Mahirlə Cəfəri xanımları ilə təhdid ediblər

Qeyd edək ki, Mahir Əzizovla bir gündə tutulan Cəfər Zalovu da həyat yoldaşı ilə təhdid ediblər. Bu barədə onun xanımı çıxışlarından birində bildirib: “Cəfəri işdən evə dönəndə oğurlamışdılar. Cəfərin atası günlərlə oğlunu axtardı. “Oğlun filan idarədədir” deyib, yaşlı, xəstə insanı, Şəhid Azər Zalovun atasını, iyulun isti günlərində günlərlə süründürdülər. Biz Cəfəri tapanda isə məlum oldu ki, onu “arvadını idarəyə gətirib hicabını başından çıxaracağıq” deyib təhdid ediblər və istədikləri ifadəyə imza atdırıblar”.

Mahiri 6 ay bir maddə ilə saxlayıb, sonra 27 maddə əlavə ediblər

Mahir xanımı deyir ki, əməliyyatçıların və şahidlərin ifadəsində yazılıb ki, Mahiri Sədərəkdə mağazadan tutanda guya o, deyib ki, gedək evdə axtarış aparaq. Əgər doğrudan da, Mahirin evində silah var idisə, o zaman niyə evində axtarış aparılmasını istəyirdi? Bu məntiqsiz uydurmadır.

Əməliyyatçılarla şahidlərin ifadəsində ziddiyyət çoxdur. Əməliyyatçı ifadəsində yazır ki, baxış zamanı heç bir əşya aşkar olunmadı. Cibindən 6 manat çıxdı. Bundan sonra Mahir Əzizov yaşadığı evdə döyüş sursatı saxladığını və bunu təqdim edəcəyini bildirdi.

Əməliyyatçı saat 17:05 -də Sədərəyə gəldiyini yazır. Sumqayıta isə 18:40-da getdiyini bildirir. Sədərəkdən Sumqayıta bu qədər müddətdə getməyin özü də şübhəlidir. Mahiri maşında da döyüblər.

Şahdlər guya Sumqayıtda yaşayan insanlar, qonşulardı. Maraqlıdır, Mahiri Sumqayıtda deyil, Sədərəkdə niyə tutublar?

Mahiri yenidən “bandotdelə” aparıblar. Bir gün aradan keçəndən sonra Mahir yeznəsinə zəng edib deyib ki, mən günahsızam, çıxacam.

Getdik “bandotdelə” bizə dedilər ki, burda yoxdur. Bizə bir aya yaxın müddətdə Mahirlə bağlı heç bir məlumat verilmədi. Mahiri 20 günə qədər “bandotdeldə” saxlayıblar. İyulun qaynar günlərində Mahiri 20 gün işgəncə veriblər və eyni qanlı paltar əynində qalıb.

Biz “Qaynar xətt”ə də zəng etdik amma bizim sorğumuz cavabsız qaldı”.

Anası deyir ki, iyulun 5-də oğurlanan Mahirin avqustun 7-də Kürdəxanıda olduğunu öyrəniblər. Lakin ailəsinə görüşməyə icazə verməyiblər, vəkili ilə görüşüb.

Mahiri 6 ay müddətinə  228.1 maddəsi ilə ittiham ediblər. 6 aydan sonra isə ona istintaq müddətinin uzadıblar və 27 maddə əlavə ediblər. 

İstintaqı aparan müstəntiq rüşvət üstündə yaxalanıb

İstintaq işini Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Orxan Hacıyev aparııb.

Orxan Hacıyev digər bir işdə rüşvət aldığı üçün vəzifəsindən uzaqlaşdırılıb.

Anası deyir ki, istintaq işində Mahirin ömründə ayağı dəyməyən yerlərdə olduğunu yazıblar. Guya Mahir Rusiyada Smolenski rayonunda Yunislə bir yerdə hərbi təlim keçib. Mahir isə bu rayonda ümumiyyətlə olmayıb.

Guya Mahir Daşkəsəndə Yunis Səfərovla görüşüb. Mahir Rusiyada olanda Yunis Səfərovu tanıyıb. Amma Azərbaycanda onu heç vaxt görməyib.

Mahir Rusiyada yaşayıb və ana dilini tam anlaya bilmir. Ona tərcüməçi təyin edilməyib, təqdim edilən ifadələr tərcümə olunmayıb. Bütün ifadələrə təzyiq və işgəncə altında imza atıb.

Mahir Əzizov uşaqlıqdan xroniki bronxitdən əziyyət çəkir. İndi Kürdəxanıda Müvəqqəti Saxlanma Təcridxanasında saxlanır. Bir kamerada 8 nəfər olalıdır, 15 nəfər saxlanılır və hamısı da siqaret çəkir. Üstəlik, kameralar xlorla silinir. Mahir hər gün boğulur, xəstəliyi hər gün şiddətlənir. Adiyyatı orqanlara yazdığım məktublar cavabsız qalır. İki ildir Prezident Aparatının, Milli Məclisin, Baş prokurorluğun qarşısında aksiyalar etdik ki, bəlkə biz anaların səsini ölkə başçısı eşidə, amma eşitmədi". 

YADDAŞ

Mahir Əziz oğlu Əzizov 1986-ci il avqustun 24-də Yevlaxda anadan olub. Rusiyada Vladimir Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Cəlilabadda N saylı hərbi hissədə əsgəri xidmətini başa vurub. 

5 və 2 yaşlı iki övladı var.

Mahir Əzizov 2018-ci il iyulun 5-də Bakıda həbs edilib. Bakıda Sədərək ticarət mərkəzində dükanda satıcı işləyən Mahir Əzizovu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“bandotdel”) əməkdaşları saxlayıb. Onu idarəyə aparıb sonra Sumqayıtda kirayə qaldığı evə gətiriblər və evdə axtarış aparılıb.

Mahir Əziziov 2018-ci ilin 3 iyul tarixində Gəncənin o zamankı icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədən Yunis Səfərovun işi ilə bağlı saxlayıblar. İstintaq materiallarında Mahirin Yunislə əlaqələrinin olduğu iddia edilir.

Mahir Əzizov Yunis Səfərov 12 nəfərlik qrupda təmsil olunur. Qrupun məhkəməsi  2020-ci il yanvar ayının 7-də başlayıb və karantinlə əlaqədar qeyri-müddətə təxirə salınıb.

İlk proses Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Natiq Əliyevin sədirliyi ilə Sabunçu Rayon məhkəməsində keçirilib. Sabunçu Rayon məhkəməsində keçirilən prosesdə yerin darısqallığı həm vəkillər, həm də zaldakılar üçün xeyli problem yaradıb.

Vəkil Zibeydə Sadıqova və Cavad Cavadov məhkəmənin keçirildiyi zalın bu proses üçün çox kiçik və əlverişsiz olduğunu hakimin diqqətinə çatdırıb. Cavad Cavdov bu məhkəmə prosesinin ya böyük akt zalında, ya da Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında keçirilməsini təklif edib. Zibeydə Sadıqova isə oturmaq üçün yerin olmadığını və zalın darısqallığına görə müdafiə etdiyi şəxsin üzünü görmədiyini bildirib.

Eyni zamanda vəkillər Nazim Musayev, Bəxtiyar Hacıyev, Vamiq Şükürov, Fariz Namazlı və digərləri məhkəməyə sədirlik edən hakim Natiq Əliyevin Elmar Vəliyevlə qohumluq əlaqələri olduğu üçün onun bu iştirakının qanunazidd olduğunu diqqətə çatdırıblar. Vəkillərin Gəncə Ağır Cinayətlər Məhkəməsinə verilən etirazı təmin edilib. Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Növbəti proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Haciyevin sədrliyi ilə keçirilib.

12 nəfərlik qrupda adıçəkilən iki nəfər istintaqsız, məhkəməsiz qətlə yetirilib.

1. Səfərov Yunis Rafiq oğlu

2. Əzizov Mahir Əziz oğlu

3. Abdullayev Hamlet Ramiz oğlu

4. Əliyev Akif İsmayıl oğlu

5. Mustafayev Rasim Hafiz oğlu

6. Qurbanov Ceyhun Ələkbər oğlu

7. Zeynalov Firudin Etibar oğlu

8. Zalov Cəfər Mürsəl oğlu

9. Məmmədov Vüqar Vaqif oğlu

10. Salahov Ceyhun İsrail oğlu

11. Bağırov Anar İslam oğlu (qətlə yetirilib)

12. Sərxani Ağa Hüseyin oğlu (qətlə yetirilib)

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 33 maddəsilə ittiham irəli sürülüb. Bunların arasında 29, 120 (qəsdən adam öldürməyə cəhd), 181 (quldurluq), 214 (terrorçuluq), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd), 278 (hakimiyyəti zorla ələ keçirmə və ya dövlətin konstitusion quruluşunu zorla ələ keçirmə) və başqa maddələr var.

Xatırladaq ki, Gəncə olayları ilə bağlı rəsmi məlumata əsasən aşağıda adları çəkilən 5 nəfər şübhəli şəxs qismində öldürülüb:

Anar Bağırov,

Ağa Sərxani,

Muraz Rəhimov,

Fuad Səmədov və Rəşad Babakişiyev.

Allah rəhmət eləsin!