Həbsxanada AZADLIQ sevinci

Həbsxanada AZADLIQ sevinci

Abbas Hüseyn: "Çöldə olduğum zamanlarda adətən eşitdiyim və şahid olduğum hadisələrə qarşı tənqidi baxışlarım olub.

Həbsdə olduğum bu 5 il müddətində hər il noyabrın 26-sı Nardaran hadisəsinin səbəbləri və səbəbkarları barədə təhliledici yazılar yazırdım. Lakin bu gün dövlətimizin iki aylıq vətən müharibəsinə görə bu bəradə problemlərdən söhbət etməyəcəm.

Xalqımın uzun zamandır ki, gözlədiyi qələbə sevincinin coşqu ilə yaşandığı bu zamanda daxili problemləri qabartmaq istəmirəm. İllərdir əziyyət çəkmiş xalq olaraq, qələbə bizim haqqımızdır, qələbə sevinci bizə yaraşandır.

Adətim üzrə daxili problemlərdən ona görə yazmayacam ki, görünür, bu gün hakimiyyət öz yumruğunu ermənilərə, düşmənlərimizə göstərir. Həm bu gün dünənki dönəm deyil. Heç kim də dünənki xətt üzrə hərəkət etmir, istiqamətlər dəyişib. Bu səbəbdən də hər kəs bir-birinə sevgi, hörmət və qayğıyla yanaşmalı, yaranmış problemləri qabartmaq üçün deyil, həll etmək üçün çalışmalıdır.

Düşmənin və onun havadarlarının qarşısında birgə olub möhkəm dayanmalıyıq. İnanıram ki, Nardaran hadisələrində əziyyət çəkmiş ailələr və məhbuslar bu qələbələrə sevinir və müharibə müddətində hər zamankı kimi fədakarlıq ediblər.

Əvvəlki yazılarımda bildirdiyim kimi, ordumuzun qələbəsi harada olmağımızdan aslı olmayaraq, daim bizləri sevindirir. 44 günlük müharibədə sözün həqiqi mənasında xalq-ordu birgəliyi sayəsində 10 milyonluq bir orduyla düşmənlə mübarizə apardıq.

Müxalifəti, iqtidarı, dindarı bir bədən, bir yumruq oldu. Bütün sahələrdə insanlar öz cəbhələrində yerlərini aldılar. Bu məqamda həbsxana yoldaşlarımın yaşadıqları sevincdən də bir neçə kəlmə yazmaq istəyirəm. Heç nə ilə maraqlanmayan onlar, azad olunan torpaqların xəbərini eşidəndə futbol oyununda atılan qol sevincinə göstərilən reaksiyanı verirdilər. "Qu-bad-lı!", "Zən-gi-lan!", "Cəb-ra-yıl!" şüaları səsləndirərək, sevinclərini ifadə edirdilər. Kameralardan, pəncərələrdən azad olunmuş torpaqların sevincinin sədası hər yeri bürümüşdü. Torpaqlarımız bütünləşdiyi kimi insanlar da məkandan aslı olmayaraq, bütünləşmişdilər.

Həbsxanada olan məhbuslar müharibəyə yollanmaq üçün rəhbərliyə müraciət edirdilər, vətən müharibəsində iştirak edə bilmədikləri üçün üzüntülərini dilə gətirirdilər. Hətta burada salamlaşıb və sağollaşanda "Qarabağ Azərbaycandır!" şüarını söyləmək adət halını alıb.

Məhbuslar divarlar arasında qələbə sevincini, qaranlıqlar içində azərbaycanlı olmağın qürurunu yaşayırlar. Müharibənin əvvəlində hər kəndin azad olunması xəbəri belə məhbuslar arasında milli kimliyin oyanmasına, pis düşüncələrin yox olmasına səbəb olub.

Hələ Şuşanın xəbərinin sevinc şokuna girənləri, xəbərin dəqiqliyinə əmin olmaq üçün təkrar-təkrar sevinclə sual verənləri demirəm. Həmin bu hadisələr xəyalların və arzuların reallaşmasıdır. Hər kəsin arzusunun çin olması diləyi ilə.

P.S.: Dustaqlara onların yaşadıqları sevinc barəsində yazacağıma söz vermişdim və əməl etdim. Sevincimiz daimi, qələbəmiz mübarək olsun.

Abbas Hüseyn 8 saylı Cəzaçəkmə Müəssisəsi"