Hüseyn Abdulayev qan qusur

Hüseyn Abdulayev qan qusur

Keçmiş deputat, hazırda 10 saylı CÇM-də saxlanılan məhbus Hüseyn Abdullayevin vəziyyəti ağırdır, o, qan qusur.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu məlumatı məhbusun vəkili Cavad Cavadov sosial şəbəkədə paylaşıb:

"Mən bunu etməyə məcburam. İnsan həyatına biganəlik bu həddə olmaz. Bu salfetlərdə olan qan Hüseyn Abdullayevin qanıdır. O həm qan qusur belə, həm də böyuk və kiçik bayıra qan gedir. Mənimlə görüşə zorla gəldi. Lakin onu hələ də xəstəxanaya köçürtmək istəmirlər. Məqsəd nədir?!"

Hüseyn Abdullayevin digər vəkili Elçin Sadıqov da onunla aprelin 21-də görüşdüyünü və vəziyyətinin çox ağır olduğunu bildirib:

"Bu gün Almaniya Federativ Respublikası tərəfindən siyasi sığınacaq verildiyi halda Türkiyə Respublikasından oğurlanaraq (heç bir hüquqi prosedur olmadan) Azərbaycan Respublikasına gətirilən və buarada qanunsuz məhkum olunaraq 10 saylı CÇM-də saxlanılan Hüseyn Abdullayevlə görüşdüm. Səhhəti pisdir, səhhəti getdikcə daha da pisləşir.

Hüseyn Abdullayevin daxili orqanlarının qanaxması kəsməyib, əksinə qanaxma və ağrıların (sancıların) şiddətləndiyini bildirdi, güclə yeriyirdi. Təzyiqinin 180-dən aşağı düşmədiyini dedi. Eyni zamanda dərin depressiyadan əziyyət çəkir.

Dünən (20 aprel) Ombudsman Səbinə xanım Əliyeva onunla görüşüb və tibbi yardım göstərilməsi üçün əlindən gələni edəcəyini deyib. Onun təcili ixtisaslaşmış tibbi müayinəyə və müalicəyə ehtiyacı vardır. Qanunvericilik icazə verdiyindən o müayinə və müalicə üçün ən azı Mərkəzi Klinik Xəstəxanasına köçürülməli, öz hesabına müayinə və müalicə hüququndan istifadəsinə şərait yaradılmalıdır. Məsələ ilə bağlı Penitensiar Xidmətə də müraciət etmişik. Ümid edirik ki, müraciətimiz müsbət qiymətləndiriləcək və Hüseyn Abdullayevin həyat və sağlamlığına olan riskin aradan qaladırılması üçün tədbirlər görüləcəkdir".

YADDAŞ

Qeyd edək ki, Almaniyada sığınacaq almış Hüseyn Abdullayev 2018-ci ilin aprelində Türkiyədə saxlanaraq Azərbaycana təhvil verilib.

İttihama görə Abdullayev barəsində müxtəlif adamların şikayətləri əsasında 14 fevral 2018-ci ildə cinayət işi başlanıb.

2019-cu il oktyabrın 1-də Bakı Hərbi Məhkəməsi hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Hüseyn  Abdullayevə 6 il həbs hökmü çıxarıb. Məhkəmə sabiq deputatın 70 yaşlı anası Zeynəb Abdullayevanı da cəzalandırıb.

Özünün ölkədən çıxışına qadağa qoyulduğu halda, bacısının pasportu ilə xaricə gedib-gəldiyi iddia olunan Zeynəb Abdullayeva sərhədi qanunsuz keçməkdə təqsirli bilinərək, 4 min manat cərimələnib.

Qeyd edək ki, 2006-cı ildən Hüseyn Abdullayevin nəzarətində olan "Araz-İnşaat" ASC ilə bağlı araşdırma aparılıb, səhmdarlara yalan məlumat verilməklə 1 milyon 374 min manatlıq gəlirin mənimsənildiyi üzə çıxarılıb.

Keçmiş deputat Hüseyn Abdullayevə əlavə ittihamlar irəli sürülüb

Təqsirləndirilən şəxslərdən Namiq Babayev sabiq deputatla əlbir olub səhmdarları aldatmaqda ittiham edilir. Hüseyn Abdullayevə dələduzluq, vergidən yayınma və başqa ittihamlar irəli sürülüb.

Həmçinin H.Abdullayev dəfələrlə Almaniyadan istifadəsində olan telefonla "Autist Uşaqların Reabilitasiyasına Kömək” İctimai Birliyinin sədri Elnur Məmmədova zəng edərək onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib, tələblərinə əməl etməyəcəyi halda onları məhv edəcəyi ilə hədələyərək icarə müqaviləsi şərtlərinə görə hər ay ödəməli olduğu 3 min manat icarə haqqı əvəzinə onun nümayəndələrinə 6 min manat pul ödəməsini hədə-qorxu ilə tələb etməkdə günahlandırılıb.

Hüseyn Abdullayev məhkəmədə ِözünü təqsirli bilmədiyini, siyasi motivlərlə həbs olunduğunu bildirib.

2007-ci il martın 16-da hِökumətin Milli Məclisdə hesabatı zamanı deputat Hüseyn Abdullayevlə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında fiziki qarşıdurma baş verib, hər iki deputat əlbəyaxa olub.

Bundan sonra Abdullayevin mandatı əlindən alınıb, daha sonra həbs olunub. Lakin elə həmin il məhkəmənin qərarı ilə 2 il şərti cəza alan keçmiş deputat azadlığa çıxıb.

O, 2010-cu il parlament seçkilərinə qatılsa da, namizədliyi qeydə alınmayıb. Bundan sonra Almaniyaya gedən keçmiş deputat sığınacaq aldığını açıqlayıb.

2013-cü ildə Hüseyn Abdullayevin hökumətin tənqidi yer almış "Susma" adlı marşı sosial şəbəkələrdə yayılandan sonra ona və ailəsinə təzyiqlərin olduğu bildirilirdi.

Xatırladaq ki, Hüseyn Abdullayev aprelin əvvəlində ölkə rəhbərliyinə müraciət edərək həbsinin ədalətsiz olduğu üçün Azərbaycan vətəndaşlığından çıxarılmasını istəmişdi.