İlqar Məmmədov uşaqpulu tələb edənləri təhqir etdi: "yaramazlar", "debillər"

İlqar Məmmədov uşaqpulu tələb edənləri təhqir etdi: "yaramazlar", "debillər"

Respublikaçı Alternativ partiyası sədri İlqar Məmmədov uşaqpulu tələbi edənləri facebook səhifəsində paylaşdığı statusunda təhqir edib.

Vetenugrunda.az İlqar Məmmədovun statusunu olduğu kimi təqdim edir:

"Uşaqpulu" mövzusu ilə xalqı aldadıb-alçaldan yaramazların hər birinin cavabını artıqlaması ilə verəcəyik. Onlardan heç biri hələ indiyədək bu debilləşdirici şüarın büdcəyə və iqtisadiyyata neçəyə başa gələcyini konkret rəqəmlə ifadə etməyib.

Bizim mövqe: sadəcə "uşağım var, dövlət mənə pul versin" təsəvvürünü insanlarda yetişdirənlər ya nə danışdıqlarını heç anlamırlar, ya da xalqa vicdanlı xidmət hissini tam itirmişdirlər.

Nəsilvermə əmsalı Azərbaycanda ancaq son 4-5 ildir ki, artım üçün tələb olunan 2.1`dən aşağı düşmüşdür. Bunun mürəkkəb səbəblər çeşidi var, o cümlədən keçmiş müharibələrin irsi olan demoqrafik dalğalar, şəhərləşmə, iqtisadi təsəvvürlərin dəyişməsi və s. Əmsalın daha aşağı düşməsinin qarşısını almaqdan ötrü bir çox tədbirlər görülməlidir və bu tədbirlər arasında əlbəttə doğumun iqtisadi stimullaşdırılması tədbirləri də var.

Birinci uşağa görə dövlət heç kəsə maddi yardım verməməlidir. Birinci uşaq ailələrin tam şəkildə öz məsuliyyəti, seçimi və planı olmalıdır.

İkinci uşağın doğulması və müəyyən yaşa çatması üçün isə dövlət tərəddüd edən ehtiyaclı valideyinlərə öz dəstəyini təklif etməlidir. Yardım məbləği qəpik-quruş yox, əhəmiyyətli olmalıdır. Amma bu vəsaitin valideyinlər tərəfindən məhz uşaqların qida, təhsil, geyim və müalicəsinə xərcləməsi üzərində dövlət ciddi nəzarət qurmalıdır.

Üçüncü və sonrakı uşaqlar yenə də valideyinlərin öz məsuliyyətli seçimi və planı olmalıdır. Bu məsuliyyətli seçimi etməkdə dövlətin ümumi iqtisadi siyasəti valideyinləri inandırmaqla yardımçı olmalıdır. İş yerlərinin yaranması üçün iqtisadiyyat sərmayələrə açılmalıdır. Bu isə daha geniş, əhatəli siyasətin tərkib hissəsidir – hüquq aliliyi, korrupsiyanın cilovlanması, demokratik siyasi təmsilçilik və s. İndi isə bəzi hesablamalar. Son 18 ildə Azərbaycanda 900 mindən çox ikinci uşaq doğulmuşdur.

REAL-ın təklif etdiyi maddi dəstək nəticəsində qarşıdakı illərdə bu rəqəm 1 milyona çatsa və hər ikinci uşağa görə ailəyə ayda 100 manat dövlət yardımı olsa, bu büdcəyə ildə yuxarı-aşağı 1 milyard manata başa gələcək. Uşaqlara hazırda ayrılan digər sosial yardım proqramlarının qismən yenidən proqramlaşdırılması nəticəsində, biz bu məbləğin bir hissəsini indiki büdcədə də tapa bilərik.

Dövlətin ümumi iqtisadi siyasəti dəyişdikcə büdcəyə əlavə vəsait cəlb edə biləcəyik və nəticədə dəstək məbləğini artıra, hətta dəstək proqramını üçüncü uşaqlara da tətbiq edə bilərik. Bunu korrupsiya, qanunsuzluq, səmərəsiz idarəetmə içində batan YAP hakimiyyəti yox, Respublikaçı Alternativ edəcək".

 

Qeyd edək ki, dünyanın normal inkişaf etmiş ölkələrində uşaqlara 18 yaşına çatana qədər uşaqpulu verilir.

Bu yaxınlarda "Save the Children" şirkəti uşaqpulu verən ölkələrin siyahısını hazırlayıb.

Almaniyada "uşaq pulu", 18 yaşına qədər aylıq ödənilir. Yaş həddi 21 yaşa qədər də ola bilər. Əgər bir yeniyetmə Avropa ölkələrinin rəsmi məşğulluq xidmətləri vasitəsilə iş tapa bilmirsə və ya 25 yaşına qədər əlillik halında olarsa, müavinət ala bilir.

Almaniyada birinci və ikinci uşaq üçün ayda 192 avro müavinət verilir, üçüncü uşağa 198 avro, dördüncü və sonrakı uşaqlara isə 223 avro ödənilir.

Norveçdə 18 yaşa qədər uşaqlara ayda 150 avro ödənilir.

Fransada uşaq doğuşuna görə valideynələrə 927 avro birdəfəlik müavinət, övladlığa götürənlərə isə 1855 avro verilir. Sonra üç il ərzində valideynlərə onların gəlirlərinə görə 92 avrodan 185 avroya qədər aylıq müavinət ödənilir. Uşaq ailənin ilkidirsə, bu müddətin sona çatmasından sonra ödənişlər ləğv edilir. Lakin ailədə digər uşaq dünyaya gəlibsə, iki uşağa ayda 130 avro, üç uşağa 297, dörd uşağa 464 avro, 21 yaşa çatana qədər ödənilir.

ABŞ-da uşaqların doğuşu üçün xüsusi ödənişlər təmin edilmir, lakin valideynlərə hər bir uşağa görə maksimum 1000 dollar vergi istisnaları verilir.

Böyük Britaniyada “uşaq pulu” 16 yaşına çatana qədər verilir, əgər uşaq təhsil alırsa, ödənişlər 20 yaşa qədər uzadılır. İlk və ya tək uşaqlar üçün valideynlər həftədə 20,7 funt alırlar, sonrakılar üçün isə 13,7 funt ödənilir.

Hindistanda 14 yaşa qədər olan uşaqlara ayda 100 dollar ödənilir.

Qazaxıstanda da uşaqlara sosial müavinət verilir. Belə ki, 18 yaşa qədər uşaqlar dövlətdən ayda 45 dollar müavinət alır.

Rusiyada Vladimir Putinin göstərişi ilə 2018-ci il yanvarın 1-dən hər yeni doğulan körpə 1il 6 ay müddətində aylıq müavinət alır. Bu, orta hesabla 10,5 min rubl təşkil edir. Prezident deyib ki, 3 il ərzində bu rəqəm 114,5 milyard rubl vəsait aparacaq.

Türkiyədə bu günlərdə yeni proqram qəbul olunub. Hər doğulan uşağın adına banklarda hesab açılacaq. 18 yaşa qədər hər uşağın bank hesabına ayda 55 lirə ödəniləcək.

Latviyada 20 yaşa qədər uşaqlara ayda 14 dollar ödənilir.

Özbəkistanda 2 yaşa qədər uşaqlara ayda 80 dollar ödənilir.

Birləşmiş Ərəb Əmirliklərində yeni doğulan körpələrin valideynlərinin 20 min dollar həcmində kreditləri silinir, həmçinin yeni doğulan körpənin valideynlərinə 50 min dollara qədər müavinət ayrılır. Həmçinin, körpənin adına bankda hesab açılır və 18 yaşında ona 100 min dollar pul verilir.

Küveytdə isə valideynlərə övlad olmamışdan qabaq 240 min dollar kredit götürmək imkanı yaradılır. Körpə doğulan kimi həmin məbləğin 20 min dolları silinir. Yeni doğulan körpə üçün bankda 3 min dollarlıq hesab açılır və həmin məbləğ 18 yaşına qədər faizlə birgə ona təqdim olunur.

Bundan əlavə həm Avropa, həm də digər ölkələrdə yeni doğulan körpələrə 500-10 min dollar arası birdəfəlik vəsait təqdim edilir.