KİVDF-nin vəzifəli şəxslərinə cinayət işi açılıb

KİVDF-nin vəzifəli şəxslərinə cinayət işi açılıb

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİV DF) vəzifəli şəxslərinə cinayət işi açılıb. Həmin şəxslərin qanunsuz əməllərlə məşğul olduğu bildirilir.

Mənzilə ehtiyacı olan jurnalistlərə ev verilməsinə maneçilik törədilməsi faktı və mənzillərin tikintisi zamanı həddindən artıq israfçılıq, koorupsiya halları da araşdırılacaq.

Baş prokurorluq bu barəda məlumat yayıb. 

Bildirilir ki, bu barədə Hesablama Palatası onlara material göndərib. Həmin material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

"Araşdırma zamanı Fondun vəzifəli şəxsləri tərəfindən dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə əməl edilməməsi, vəsaitlərin təyinatı üzrə istifadə olunmaması, tikinti norma və qaydalarının pozulması, kütləvi informasiya vasitələrinə yardımların qanunsuz verilməsinə şübhələr müəyyən edilib. Daxil olmuş materiala əsasən, Fondun "Xərclər smetası"nın icrasına, KİV-lərin fəaliyyətinin təkmilləşdirilməsini nəzərdə tutan və inkişafını dəstəkləyən proqram, layihə və s. işlərdə xərclər şişirdilib. Fondun saxlanılması xərcləri üzrə inzibati binanın müvafiq satınalma keçirilmədən icarəyə götürülməsi məlum olub.

Nəqliyyat vasitələrinin təmiri və yanacaqla təmin edilməsinə, KİV-lərə maliyyə yardımının və gündəlik ictimai-siyasi qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılmasına, tikinti norma və qaydalarına əməl edilməməsi nəticəsində iş həcmlərinin artırılması, obyektin ehtimal dəyərinin şişirdilməsi və işlərin görülməməsinə görə külli miqdarda artıq vəsait xərclənib".

Bütün bunlara görə Cinayət Məcəlləsinin 179.4 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.2 (külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308-2.4-cü (dövlət satınalmalarını qanunsuz keçirmə) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

"Eyni zamanda bildiririk ki, jurnalistlər üçün dövlət vəsaiti hesabına inşa edilmiş iki yaşayış binasından mənzilə ehtiyacı olan jurnalistlərə ev verilməsinə maneçilik törədilməsi, həmin evlərin paylanılması qayda və şərtlərinin kobud şəkildə pozulması ilə bağlı daxil olmuş şikayətlər üzrə də hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalar aparılır".

Baş Prokurorluq sonda oxşar qanunazidd hallarla üzləşən jurnalistlərə, vətəndaşlara "961" nömrəli "Çağrı Mərkəzi" və ya Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzinə məlumat vermələrini xahiş edir.