Koronavirus vaksini kimlərə vurulacaq, kimlərə vurulmayacaq?

Koronavirus vaksini kimlərə vurulacaq, kimlərə vurulmayacaq?

Azərbaycanda koronavirusa qarşı ilkin mərhələdə kimlərin peyvəndlənəcəyi müəyyənləşib.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi məlumat yayıb.

Belə ki, COVID-19 xəstəliyi əleyhinə vaksinasiya ilə əhatə olunan yüksək riskli əhali qrupları aşağıdakılardır:

1-ci mərhələdə

Səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər, hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət.

2-ci mərhələdə

Tibbi cəhətdən yüksək risk qrupu (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar), 50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər;

Təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi;

Yüksək riskli şəraitli işlərdə çalışan (cəmiyyətin fəaliyyəti üçün həyatı vacib sahələrdə çalışan – milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslər.

Bəs, vaksin kimlərə vurulmayacaq?

SARS-CoV-2 virusuna qarşı peyvəndin birinci partiyası artıq Azərbaycana gətirilib. İlkin mərhələdə kimlərin peyvənd olunması, kimlərə isə peyvəndlərin vurulmayacağı sual doğurur.

Maraqlıdır, ölkədə birinci mərhələdə hansı şəxslərin peyvənd olunması gözlənilir?

Məsələ ilə bağlı Sfera.az-a danışan Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, həkim-radioloq Aydın Əliyev ilk növbədə üstünlüyün risk qruplarına veriləcəyini bildirib:

"İlkin olaraq risk qruplarına daxil olan şəxslər peyvənd olunmalıdır. Bura tibb işçiləri daxildir ki, onlar xəstə şəxslərlə daha çox ünsiyyətdə olurlar. Bundan başqa yoluxduğu halda xəstəliyi ağır keçirməsi ehtimal olunan, yaşı 65-dən yuxarı insanlar, ictimai nəqliyyatdan aktiv istifadə edənlər də bu qrupa aiddir. Həmçinin məktəblərin açılması ilə virusun yayılmasında fəal iştirak edən uşaqlar da ilkin növbədə peyvənd olunmalıdır.

Vaksinasiya nə qədər tez yekunlaşsa bir o qədər yaxşıdır. Vaksin qısa müddət ərzində nə qədər çox insanı əhatə etsə effektivliyi də bir o qədər çox olacaq. Əgər proses 6 aydan çox çəkərsə onda ilk ayda peyvənd olunan şəxslərin immunitetləri zəifləmiş olacaq və daşıyıcı şəxslər onları yoluxdursa nəticə yaxşı olmayacaq".

A.Əliyev bu şəxslərin peyvənd olunmayacağını qeyd edib:

"Ağır xəstəliyi, yüksək allergiyası olan şəxslər peyvənd olunmamalıdır. Yüksək allergiyası olan insana peyvənd vurulsa o şok keçirə bilər. Buna görə əvvəlcədən allergiyanın olub-olmaması ilə bağlı analiz verilsə yaxşıdır. Bundan başqa orqan köçürülmüş şəxslərin də immun sistemi çox zəif olduğu üçün onlara vaksin tətbiq etmək olmaz.

Peyvəndin vurulması ilə bağlı yaş məhdudiyyəti yoxdur. Təkcə körpə uşaqlar yoluxduqda xəstəliyi yüngül keçirdiyi üçün onlar peyvənd olunmaya bilər".