Oktay Güləliyevin oğlu: "Atam artıq ayılıb..."

Oktay Güləliyevin oğlu: "Atam artıq ayılıb..."

Hüquq müdafiəçisi Oktay Güləliyevin səhəttində irəliləyiş var

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu barədə onun oğlu Təbriz Güləliyev sosial şəbəkədə məlumat paylaşıb. Məlumatı olduğu kimi diqqətinizə çatdırırıq:

"Əziz dostlar, atam Oktay Gülalıyev ilə bağlı sizləri məlumatlandırmaq istəyiridim ki, atama gündüz zamanı baxan tibb bacılarına 3 ay müddətdir ki maaşı verilmədiyindən, artıq onlar da May ayının 1-dən atamın müalicəsini davam etdirə bilməyəcəklər. Məsələ ilə bağlı tibb bacılarının dəfələrlə TƏBİB rəhbərliyinə müraciətlərinə müsbət cavab verilmədiyi üçün göstərilən tədavini dayandırmaq məcburiyyətindədirlər.

Atama gecə boyu mən və əmim baxmalı olduğumuzdan, əmimin yaşlı olması və sağlamlığı ilə əlaqadar uzun müddət gecələr oyaq qaldığımızdan onsuz bəzi çətinliklər yaşanırdı. Dərmanların alınması ilə də bağlı 5 aydır ki, heç bir dövlət qurumu yardım etmədiyindən atamın gərəkli dərmanlarla təmin edilməsinə dair bəzi narahatlığımız var idi. Həmşirələrin də bu şəkildə işdən alınması təəssüfki vəziyyətimizi daha da ağırlaşdırır. Bütün bunlarla yanaşı, atamın durumunda inkişafla bağlı bu günlərdə sizə xoş xəbərlər də vermək istəyirdim.

Bildirim ki, atam artıq bizim suallarımıza, diqqətlə dinlədiyi xəbərlərə hərəkətləri ilə şüurlu şəkildə cavab verir. Əlləri ilə bizə işarələr edir, nələrsə söyləməyə çalışır. Ədalətli olmaq naminə qeyd etməliyəm ki, atamın durumunda hazırki inkişafda Heydər Əliyev fondunun dəstəyi ilə onun 4 dəfə Türkiyədə əməliyyat edilməsinin çox böyük rolu olub.

Qəza hadisəsindən sonra atam Türkiyəyə götürülərkən onun ancaq 20% yaşama şansı olacağını, Türkiyədə isə ayılma şansının çox az olduğunu dəfələrlə bildiriblər. Bu gün isə mən tam əminliklə deyə bilərəm ki, göstərilən müalicə sayəsində atam artıq ayılıb. Onun normal həyata geri dönməsi, ayağa qalxması üçün fizik tədaviyə və dərmanlarının davamlı olaraq qəbul etməsinə ehtiyac var.

Hesab edirəmki, aidiyyatı qurumlar o cümlədən TƏBİB atamın müalicəsinin imkan yetdiyi qədər davam etdirilməsi üçün dövlətin ayırdığı resursları əsirgəməməlidirlər."

YADDAŞ

Xatırladaq ki, hüquq müdafiəçisi, Repressiya və İşgəncələr Əleyhinə Komitənin kordinatoru Oktay Güləliyevoktyabrın 29-da piyada zolağında yolu keçərkən avtomobillə vurulub. Bu barədə DİN-in verdiyi açıqlamada deyilir: "Oktyabrın 29-da saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi "Hyunadi Accent" markalı avtomobillə piyada zolağından keçən piyada, Bakı şəhər sakini Oktay Güləliyev vurulub. Bu barədə DİN-dən məlumat daxil olub.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və nəqliyyat vasitəsinə baxış keçirilmiş, sürücü K.Abdullayevinizahatı alınıb, sərxoşluq və narkoloji müayinələrdən keçirilib.

Sürücü qəza nəticəsində xəsarət almış piyadanı öz avtomobili ilə Kliniki Tibbi Mərkəzə ("Semaşko") çatdırıb. İlkin tibbi yardım göstərilsə də, onu tomoqrafiya olunması 5 saat gecikdirilib. Qəzadan bir gün sonra O.Güləliyev oradan "City Hospital"a köçürülüb və qırılmış kəllə sümüyü götürülüb, qansızma dayandırılıb. Oktay Güləliyevin ailə üzvləri isə bildirir ki, qəsdli şəkildə əməliyyat 14 saat yubadılıb.

Əməliyyatdan iki gün sonra O. Güləliyev Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb. Daha sonra onun müalicəsi Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Türkiyədə davam etdirilib. Hazırda onun müalicəsi Bakıdakı evində davam etdirilir.