Polis vəkil Bəxtiyar Hacıyevə qarşı zorakılıq tətbiq edib 

Polis vəkil Bəxtiyar Hacıyevə qarşı zorakılıq tətbiq edib 

Vəkil Bəxtiyar Hacıyev Nəsimi Rayon Polis İdarəsinin 22-ci bölməsində zorakılığa məruz qaldığını bildirib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə bu barədə vəkil sosial şəbəkə hesabında məlumat verib.

Hadisə 3 iyunda, 22-ci polis bölməsində baş verib. O, müdafiə etdiyi şəxslə birlikdə bölməyə polisin çağırışı ilə gedib:

"Müvəkkilimlə polisin çağırışı üzrə getmişdim və bölmə rəisinin göstərişi ilə zorakılığa məruz qaldım. Rəis "vəkil kimdir, səni çağırmamışam, tutun atın bayıra" deyəndən sonra iki polis nəfəri məni zorla tutub bölmədən çıxardı", - Hacıyev deyib.

O bildirib ki, baş verənlərlə bağlı Daxili İşlər Nazirliyi və Vəkillər Kollegiyasına müraciət edəcək.

Vəkil Bəxtiyar Hacıyev fəal vətəndaş mövqeyilə tanınır. Rezonans doğuran bir sıra işlər üzrə vəkil kimi çıxış edib, Gəncənin keçmiş rəhbərinə sui-qəsd işi üzrə mühakimə olunmuş Yunis Səfərovun müdafiəçisi olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən vəkilin bəyanatının şərh edilməsi barədə xahişə "məsələ araşdırılır" cavabını veriblər.