Polisin güllələdiyi həmyerlimiz komadadır

Polisin güllələdiyi həmyerlimiz komadadır

Ötən gün sosial şəbəkələrdə Rusiyada soydaşımızın yol polisi tərəfindən güllələnməsi görüntüləri yayılıb.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, hadisənin Novosibirsk yolunda baş verdiyi bəlli olub. Yol polisi 19 yaşlı həmyerlimiz, Başkeçiddən (Dmanisi rayonu) olan Vəkil Abdullayevi başından güllələyib. Onu xəstəxanaya çatdırıblar və başından əməliyyat olunub. Hazırda komada olan soydaşımız süni nəfəs aparatına qoşulub.

Yerli polis şöbəsi hadisənin təfərrüatlarını açıqlayıb. Yayılan rəsmi məlumata görə, polis "dayan" əmri verərkən Vəkil özü sükan arxasında olub.

Sükanı sağ tərəfdə olan "Toyota" markalı maşının bütün şüşələri qara plyonka ilə örtüldüyündən polis maşından şübhələnib. Polislərin təqibindən sonra Toyota yoldakı kafelərdən birinin qarşısında dayanıb və maşından düşən 3 nəfərin hərəsi bir tərəfə qaçıb. Polislər sol tərəfdə oturanı sürücü zənn etdikləri üçün onu yaxalayıblar. Bu zaman Vəkil polislərə yaxınlaşaraq sürücü olduğunu demək istəyib lakin videodan da göründüyü kimi polis ona qarşı aqressiv və amansız rəftar edir.

Polis əməkdaşı isə bölmədə ifadə verib və hazırda ona qarşı iki maddə üzrə cinayət işi açılıb…