Polislər qazini özünü öldürmə həddinə çatdırıb

Polislər qazini özünü öldürmə həddinə çatdırıb

"Müharibədən qayıdandan sonra həkimlər ona psixotrop tərkibli həblər təyin etmişdi, dövlət pulsuz verirdi. Saat 11 olardı, mənə zəng vurdu, dedi:

"Bunlar (polislər) məni canımdan bezdirib, imkan vermirlər alver edəm, dərmanların hamısını içmişəm, daha yaşamaq istəmirəm".

Mən özümü mağazaya çatdırınca huşunu itirmişdi. Təcili yardım da gec gəldi. Onu ağır vəziyyətdə reanimasiyaya yerləşdirdilər".

Bu sözləri Vətən müharibəsi qazisi Vüsal Məmmədovun həyat yoldaşı Aynur Məmmədzadə Meydan TV-yə açıqlmasında deyib. 
İyulun 21-də İkinci Qarabağ Müharibəsində yaralanmış və psixoloji travmalar almış 35 yaşlı Vüsal Məmmədov intihar məqsədilə xeyli sayda həb qəbul edərək zəhərlənib. O, hazırda Ağdaş Rayon Mərkəzi Xəstəxanasındadır.

Vüsal Məmmədov rayonun Nehrəxəlil kəndində yaşayır. Bir neçə ildir ki, rayonun mərkəzində kiçik bir mağaza icarəyə götürərək qab-qacaq satmaqla məşğuldur. Elə hadisə də həmin mağazada baş verib.

Həyat yoldaşı Aynur Məmmədzadə Meydan TV-yə danışır ki, Vüsal müharibəyə gedəndən sonra mağazanı o idarə edib. Vüsal müharibədən çoxlu travmalarla qayıdıb. Müharibədəki xidmətlərinə görə dövlətin ona etdiyi təşəkkür Qubadlı və Cəbrayılın azad edilməsinə görə medallar olub. Keçmiş döyüşçünün sağlamlığıylasa ailə məşğul olub.

Həyat yoldaşı sözünə davam edir:

"Gecələr oyanıb, qışqırıb ağlayırdı, ətrafdakı ən xırda şeylərə qıcıq olurdu. Onu rayondakı ruhi dispanderə apardıq, özümüz müalicə etdirdik, həkim ona tutmalarına görə psixotrop tərkibli həblər yazmışdı. O dərmanları yalnız reseptlə, pulsuz alırıq. Əlillik üçün sənədləri toplayıb təqdim etdi, bu ilin aprelində imtina aldı.

Döyüşdən yaralanıb qayıtmış bir neçə döyüşçü yoldaşı da dedi ki, Vüsal, ürəyini sıxma, bizə də imtina verilib. Burdan o tərəfə özümüz öz başımızın çarəsinə baxmalıyıq. Vüsal da elə icarəyə götürdüyü mağazada alverinə davam edirdi. Son vaxtlar rayonun polisləri tez-tez mağazaya gəlib, onu narahat edirdilər".

Aynur Məmmədzadənin sözlərinə görə, iyulun 20-də mağazanın qarşısına yenə polislər gəlib, Vüsal Məmmədovdan malları içəri yığmağı tələb ediblər. Aynur xanımsa deyir, malları yığdıqları yer gediş-gəlişə mane olmur:

"Biz də yaxşı bilirik ki, küçə ticarəti olmaz və qanun-qaydaya da riayət edirik. Malları da ayaq altına yığmamışıq, heç bir maneçilik yoxdur. Mağazanın girişində pilləkən var. Malları da ora yığırıq ki, keçən adam buranın mağaza olduğunu bilsin. O pillləkən mağazaya məxsusdur, yola, səkiyə, gediş-gəlişə aidiyyəti yoxdur. Polislər malları oradan da yığışdırmağı tələb edirdi. Dedi, bax, yaralanmışam, başım-beynim yerində deyil, dövlətin verdiyi psixotrop dərmanlarla yaşayıram, əlillik də təyin etmədilər, gəlib kimdənsə pul dilənmirəm ki… İmkan verin, xəstə valideynlərimi, balamı saxlayım. Ailədə beş nəfər mənim qazancımla yaşayır".

Həmin gün polislər çıxıb gedib. Aynur xanımın sözlərinə görə, növbəti gün Vüsal mağazaya tək gedib:

"Biz adətən, mağazada ikimiz işləyirik. Mən də onunla gedirəm. Həmin gün Mingəçevirə gedəcəkdim deyə, mağazaya gedə bilmədim. Gündüz saat 11 olardı, zəng vurdu ki, Aynur, dərmanları qarışdırıb içdim. Dedim, nə danışırsan, niyə belə elədin? Dedi, polislər məni bezdirib. Çox acıqlı idi, səsi boğuq gəlirdi. Mən nə edəcəyimi bilmirdim, mağazaya yaxın olan qohumlara zəng vurdum, dedim tez mağazaya getsinlər. Mən kənddən ora çatınca artıq huşunu itirmişdi, adamlar başına toplaşmışdı. Təcili yardım da gec gəldi, Vüsalı xəstəxanaya aparıb birbaşa reanimasiyaya yerləşdirdilər".

Aynur xanım deyir, hadisəyə səbəb polislərin malları mağazanın içərisinə yığması olub. Həmin vaxt Vüsalla polislər arasında mübahisə düşüb, onunla kobud davranıblar.

Xəstəxanadan Meydan TV-yə bildirilib ki, iyulun 21-də zəhərlənmə diaqnozuyla xəstəxanaya yerləşdirilən Vüsal Məmmədovun səhhəti bu gün nisbətən yaxşılaşıb.

Ağdaş Rayon Polis Şöbəsindən bildirilib ki, polislər tez-tez küçə ticarətiylə bağlı reydlər keçirir. Bununla bağlı Vüsal Məmmədova bir neçə dəfə xəbərdarlıq edilsə də, ona qarşı polis işçiləri tərəfindən hər hansı kobudluq olmayıb. Baş Prokurorluğun bu hadisəylə bağlı yaydığı məlumatda bildirilir ki, faktla üzrə Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.