Razi Hümbətovun məhkəməsi noyabra qaldı

Razi Hümbətovun məhkəməsi noyabra qaldı

Bakı Ağır Cinayətlər Məhkəməsində Müsəlman Birliyi Hərəkatının üzvü, ictimai fəal Razi Karrar oğlu Hümmətovun bu günə təyin edilən məhkəməsi baş tutmayıb. 

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, hakim Telman Hüseynovun sədrlik etdiyi prosesdə şahidlərdən birinin gəlmədiyinə görə məhkəmə təxirə salınıb. Nöbvəti proses 4 noyabr saat 16:00-a təyin edilib.

Qeyd edək ki, illərdir ölkədə tüğyan edən narkomaniyaya qarşı mübarizə aparan Müsəlman Birliyi Hərəkatının üzvü, Abşeron rayonunun Ceyrənbatan qəsəbəsində yaşayan ictimai fəal Razi Hümbətov bu il, iyulun 7-də oğurlanıb. Ailə üzvləri 4 gün axtardıqdan sonra onun Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində saxlanıldığını öyrəniblər.

Bakının Nərimanov rayon Məhkəməsi Hümbətov barəsində həbs qətimkan tədbiri seçib. Vəkili Cavad Cavadov həbs qətimkan tədbiri ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti versə də Bakı Apellyasiya Məhkəməsi Nərimanov məhkəməsinin verdiyi qərarı qüvvədə saxlayıb.

Razi Hümbətova qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma-külli miqdarda törədildikdə) ittiham irəli sürülüb.