Rusiyada polisin güllələdiyi Abdullayevin nəşi Azərbaycana gətiriləcək

Rusiyada polisin güllələdiyi Abdullayevin nəşi Azərbaycana gətiriləcək

Mayın 28-də Rusiyanın Novosibirsk şəhərində yol polisinin güllələdiy 19 yaşlı Vəkil Abdullayev mayın 30-da günorta saatlarında dünyasını dəyişib.

Həmin gün mərhumun evinin qarşısına 200-ə yaxın azərbaycanlı toplaşıb. Onlar istintaqın düzgün aparılmasını tələb ediblər.

Artıq hər iki polis əməkdaşı vəzifəsindən uzaqlaşdırılıb və tutulub. 

Polislərin saxladığı maşının sürücüsü Ruslan Qurbanovdan bütün ittihamlar götürülüb (polisə müqavimət) və o, azadlığa buraxılıb.

Rəhmətə gedən Vəkil Abdullayev Gürcüstanın Başkeçid (Dmanisi) rayonunda anadan olub. 

Xatırladaq ki, Novosibirskdə polisi sürət həddini aşan avtomobilin sürücüsünü saxlayıb. Sürücü R.Qurbanov polisin xidməti avtomobilinə tərəf aparılıb.

Bu vaxt sərnişin V.Abdullayev polisə yaxınlaşaraq avtomobili idarə etdiyini bildirmək istəyib. Lakin videolardan da göründüyü kimi polis hər iki şəxsə qarşı aqressiv davranır. O, güc işlədərək Vəkilin qollarını burur, onu kapotun üstünə uzandırır və güllələyir.

Zərərçəkən ağır vəziyyətdə xəstəxanaya gətirilib, əməliyyat olunub. O, komada olub və süni nəfəs aparatına qoşulub. Mayın 30-da günorta saatlarında dünyasını dəyişib.

Hadisə ilə bağlı "Vəzifə səlahiyyətlərindən sui-istifadə" və "Səhlənkarlıqla sağlamlığa ağır zərər vurma" maddələri ilə cinayət işi açılıb.