Şikayətçilər və vəkillər cərimələnəcək -AZƏRBAYCANDA

Şikayətçilər və vəkillər cərimələnəcək -AZƏRBAYCANDA

25 iyunda Milli Məclis "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun layihəsini müzakirə edəcək.

Bu barədə iqtisadçı alim Qubad İbadoğlu yazıb:

"Azərbaycan Respublikası prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 3 aprel 2019-cu il tarixli Fərmanının icrası istiqamətindəki tədbirlər çərçivəsində hazırlanan yeni dəyişikliklərə görə məhkəməyə sübutların təqdim edilməməsinə görə intizamlandırıcı tədbir olaraq tətbiq olunan cərimənin məbləğinin 40 dəfə, 2000 manatadək (indiyə qədər 50 manat idi) artırılması təklif olunur. Əsassız vəsatətlərlə işin uzadılmasına nail olma halları zamanı da tərəflərin 500 manatadək cərimələnməsi nəzərdə tutulur.

Bu dəyişilik qəbul ediləndən sonra şikayətçiləri, vəkilləri də cərimələr edəcəklər. Bununla yanaşı dəyişikliklərdə kasasiya şikayətlərinin həddinin 2000 manatdan 5000 manatadək qaldırılması da nəzərdə tutulur. Bundan başqa, layihədə məhkəməyə verilən iddia ərizələrinə, şikayətlərə görə dövlət rüsumlarının məbləğinin aşağıdakı kimi müəyyənləşdirilməsi təklif olunur: - İddia qiyməti 1000 manatadək olduqda - 30 manat; - İddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda – 30 manat + 1000 manatadan yuxarı olan iddia qiymətinin 1 faizi; - İddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda – 120 manat+10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; - İddia qiyməti 100000 manatdan 1000000 manatadək olduqda – 390 manat+100000 min manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; - İddia qiyməti 1000000 manatdan çox olduqda – 1290 manat+1000000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50 min manatdan çox olmamaqla). - Fiziki şəxs tərəfindən mülkiyyətində, istifadəsində (icarəsində) olan yaşayış evi, mənzil, həyətyanı sahənin torpağı, o cümlədən bağ sahəsi ilə bağlı ərizənin verilməsinə, habelə fiziki şəxs tərəfindən istifadəsində (icarəsində) olan kənd təsərrüfatı təyinatlı torpaqla bağlı ərizənin verilməsinə görə – 100 manat.

Layihəyə əsasən, bu dövlət rüsumlarının 50 faizi (ödənilən hər bir dövlət rüsumu üzrə 5000 manatdan çox olmamaq şərtilə) müvafiq məhkəmələrin aparatlarının işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq üçün müvafiq olaraq Ali Məhkəmənin, apelyasiya instansiyası məhkəmələrinin və müvafiq icra hakimiyyəti orqanının xəzinə hesablarına köçürüləcək, qalan hissəsi isə dövlət büdcəsinə ödəniləcək.

Bu dəyişiliklərdən sonra onsuz da ədalətsiz qərarları ilə qanunun deyil, icra hakimiyyətinin, məmurların və varlılıarın maraqlarını qoruyan məhkəmələrə şikayətlər də, məhkəmə çəkişmələrində hüquqi mübühisələndirmələr də kəskin azalacaq. Hüquqşünasların rəyləri maraqlıdır, nə baş verir?"

Vəkil Elçin Sadıqov isə yeni qərarla bağlı öz fikirini sosial şəbəkədə paylaşdığı statusunda açıqlayıb: "Bundan sonra hakim vəkilə deyəcək ki, filan vəsatəti qaldırsan səni cərimələyəcəm, ağıllı ol, qoy işi tez yekunlaşdırım, yoxsa qarşı tərəf verdiyi pulu alacaq. Bu dəyişiklik ölkədə kölə, qorxaq vəkillik formalaşdırmaq üçündür. Maraqlıdır ki, Vəkillər Kollegiyası bu irtica qanuna münasibət bildirməyib. Bəs vəkillik inkişaf etmişdi?"